Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

8 sentyabr Beynəlxalq Fizioterapiya Günüdür

8 sentyabr Beynəlxalq Fizioterapiya Günüdür

Newscenter.az.9.09.2019. 8 sentyabr Dünya Fizioterapiya Günü Dünya Fiziki Terapiya Konfederasiyası tərəfindən 1996-cı ildə təsis edilmişdir. Beynəlxalq Fizioterapiya Gününün bütün dünyada qeyd edilməsinin əsas məqsədi sağlamlığın qorunması barədə insanların maarifləndirilməsdir. Mərkəzi Gömrük Hospitalının Fizioterapiya və Tibbi Reabilitasiya şöbəsində çalışan fizioterapevt-reabilitoloqlar Səidə Kərimova, Afət Çəndirli və Turanə Dünyamalıyeva dünyanın bir sıra aparıcı ölkələrində tibbi təhsil almış, müntəzəm olaraq xarici ölkələrdə ixtisasartırma kurslarında iştirak edir və xəstəliklərin müalicəsində qabaqcıl beynəlxalq təcrübəni istifadə edirlər.

Newscenter.az xəbər verir ki, Fizioterapiya və Tibbi Reabilitasiya şöbəsində xəstəliklərin müasir üsullarla müalicəsinə və yüksək səviyyəli tibbi xidmətlərin göstərilməsinə xüsusi diqqət yetirilir. Son vaxtlar Avropada, ABŞ-da, İsrail və digər ölkələrdə skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsi geniş istifadə olunur və Azərbaycanda bu müalicə üsulu ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalında tətbiq olunur.

Hazırda Mərkəzi Gömrük Hospitalında skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsində 3D idman hərəkətlərindən, xüsusi tənəffüs texnikasından istifadə edilərək istənilən yaşda olan pasiyentlərdə skoliozun dərəcəsinin azaldılması, normal duruşun bərpası və yeni metodla müalicəsi həyata keçirilir.

Azhərəkətli həyat tərzinin keçirilməsi və bir yerdə oturub işləmək əzələləri gün ərzində gərginlikdə saxlamağa məcbur edir. Vaxt keçdikcə narahatlıq və kəskin ağrılar baş verir. Fizioterapevtlər bu gərginliyi aradan qaldırmağa və orqanizmi xəstəliklərdən qorumağa qadirdirlər. Buna görə də, hazırda bu peşə sahibləri tibbdə əvəzolunmazdırlar. Onlar insanların düz qamət problemlərini həll etməyə, xəstəliklərin bəzi fəsadlarını aradan qaldırmağa, zədələnmiş və ya gərilmiş əzələləri tədricən bərpa etməyə, baş və oynaq ağrılarının qarşısını almağa kömək edirlər.

Hospitalda fizioterapiya həm ayrıca olaraq, həm də digər müalicə metodları ilə birlikdə tətbiq edilir. Həkim bu müalicə metodunu tətbiq edərkən xəstəyə zərər yetirməmək üçün bu və ya digər fiziki faktorun təsir mexanizmini yaxşı bilir və xəstəliyin ağrıqlıq dərəcəsindən asılı olaraq hər bir xəstəyə fərdi yanaşaraq müalicə təyin edir.

Fizioterapevtin əsas işi idman və digər zədələrin sağaldılması ilə əlaqədardır. Lakin, bu müalicə üsulu əməliyyat, bədbəxt hadisələr və qəzalardan sonra reabilitasiya

dövrü, xroniki ağrılar, nevroloji və tənəffüs pozğunluqları kimi vəziyyətlərdə də kömək edir. Bundan əlavə fizioterapiya üsulları ürək-damar, şəkərli diabet və insult kimi bir sıra xəstəliklər və piylənmənin profilaktikası olaraq da tətbiq edilir.

Mərkəzi Gömrük Hospitalının Fizioterapiya və Tibbi Reabilitasiya şöbəsinin həkimləri pasiyenti kompleks müayinə edir, onun səhhəti haqqında tam və dolğun informasiya əldə etdikdən sonra müalicə sxemi təyin edir. Peşəkar həkimlərin məqsədi pasiyentləri müalicə edərkən onları yalnız ağrılardan və naraharlıqlardan azad etmək deyil, həmçinin ağrıya səbəb olan amilləri də müəyyən edib aradan qaldırmaqdır.

Hospitalın təcrübəli həkimləri ən mürəkkəb hallarda və ən müxtəlif patologiyaların müalicəsində böyük təcrübə qazanmışlar. Hospitalda ultrasəs, kombinə elektroterapiyası, endopress, elektrostimulyasiya, qısa dalğa, lazer, traksiya, hot pack,cold pack, maqnitoterapiya, balneoterapiya, tibbi masaj, manual terapiya, detoksikasiya, biopunktura, biorezonans, zərbə dalğa terapiyası kimi müalicə üsulları təqdim olunur. Son 10 il ərzində Mərkəzi Gömrük Hospitalına müraciət edən pasiyentlərə yüksək ixtissalı mütəxəssislər tərəfindən 60000-dən artıq fizioterapevtik xidmət göstərilmişdir.
Xəbəri paylaş