Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sosial izolyasiya siyasəti hazırki situasiyaya tam uyğundur, adekvatdır



Newscenter.az.3.04.2020. "Bu gün biz ikiqat müharibə şəraitindəyik. Bir yandan passiv formada davam edən Qarabağ müharibəsi ilə, digər tərəfdən isə koronavirusun yaratdığı müharibə vəziyyəti ilə üz-üzəyik".

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu virusu pandemiya elan edib:

"Yəni ki, söhbət bütün bəşəriyyəti təhdid edən kütləvi bəladan gedir. Ancaq biz hazırda dünyanı cənginə alan bu pandemiyanın nə qədər davam edəcəyi ilə bağlı hələ ki, dəqiq, konkret bir fikir söyləyə, hər hansı bir proqnoz verə bilmərik. Açığı, indi önəmli olan heç bu pandemiyanın nə vaxt bitəcəyi məsələsi də deyil. Hazırda ən ümdə məsələ bu kritik günlərdə ölkə əhalisinin sağlamlığını qorumaq, koronavirusun vətəndaşlarımız arasında total şəkildə yayılmasının qarşısını almaqdır. Məhz bu məqsədlə də Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Bu qərargah ölkədə koronavirus infeksiyasının geniş yayılmasına qarşı təxirəsalınmaz tədbirlər həyata keçirir, vacib qərarlar qəbul edir, vətəndaşlar arasında maarifləndirmə işləri aparır. Bütün bu işlər xüsusi karantin rejimində həyata keçirilir”.

Partiya sədri qeyd edib ki, hökumətin bu istiqamətdə gördüyü işləri yetərli və səmərəli hesab edir:

“Zənnimcə, görülən önləyici tədbirlər və sosial izolyasiya siyasəti hazırki situasiyaya tam uyğundur, adekvatdır. Pandemiya təhlükəsi artdıqca Operativ Qərargahın gərəkən önləyici tədbirlərin miqyasını genişləndirməsi və sərtliyini artırması da tamamilə normal qarşılanmalıdır. Hesab edirəm ki, bu gün heç kim karantin qaydalarının sərtləşdirilməsindən şikayət etməməlidir. Sadəcə olaraq hamımız bir nəfər kimi karantin qaydalarına əməl etməliyik. Əgər özümüzün, doğmalarımızın və millətimizin sağlamlığını, təhlükəsizliyini düşünürüksə, hökumətin atdığı addımlara anlayışla yanaşmalıyıq, hökumətin qərarlarına riayət etməliyik. Bu çətin günlərdə dövlətin siyasətini, Prezidentin qərarlarını sabotaj edənlər, ərzağın və digər zəruri vasitələrin qiymətini süni surətdə qaldırıb möhtəkirlik edənlər də sərt şəkildə cəzalanmalıdır. Koronavirusa qarşı mübarizə hər birimizdən vətəndaş məsuliyyəti tələb edir. Bu gün vətəndaş məsuliyyətimizi və həmrəyliyimizi nümayiş etdirməyin tam zamanıdır. Hamımız dövlətin gördüyü işlərə dəstək verməliyik. Mən əminəm ki, dövlətlə xalqın həmrəyliyi sayəsində biz bu sınaqdan da üzüağ çıxacağıq”.

Mehman
Xəbəri paylaş