Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağa həyatı qaytarmalıyıq



Newscenter.az.1.01.2021. Gələn ilin dövlət büdcəsinin təhlili onu göstərir ki, 2021-ci ilin də dövlət büdcəsi sosialyönümlü və investisiya tutumludur. Gələn il üçün dövlət büdcəsində əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamət olaraq saxlanılacaq. Çünki gələn ilin də dövlət büdcəsində sosial xərclərə daha çox yer verilir. Bu mənada, hökumət vətəndaşların sosial rifah halını nəzərə alaraq maaş və təqaüdlərin, eyni zamanda digər sosial ödənişlərin artırılması planını da həyata keçirə biləcək. Bir sözlə, növbəti il üçün əsas maliyyə planı xalqımızın rifahının daha da yaxşılaşmasına və ölkəmizin qüdrətinin yüksəldilməsinə, iqtisadi inkişafın davamlılığına xidmət edəcək.

Gələn ilin dövlət büdcəsinin cari ilin büdcəsindən çox olması, eyni zamanda sosial müdafiə və hərbi xərclərin də ötən illərə nəzərən büdcədə payının böyük olması onu göstərir ki, əhalinin rifah halının və dövlətimizin müdafiə qüdrətinin yüksəldilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib. Bütün bunlarla yanaşı prioritet istiqamətlərdən birini də işğaldan azad edilmiş ərazilərimizin bərpası təşkil edir. Düşməndən təmizlənmiş torpaqlarımızda bərpa-quruculuq işlərinin aparılması üçün gələn ilin dövlət büdcəsində 2.2 milyard manat vəsait də nəzərdə tutulub. Məlum olduğu kimi, artıq Türkiyə, İtaliya kimi ölkələrlə işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpası, tikinti işlərinin aparılması üçün müqavilələr də imzalanıb.

Bu gün mətbuatda, sosial şəbəkələrdə büdcə sistemindən və xərclərin paylaşılma məsələlərindən xəbəri olmayanlar hökuməti əsassız olaraq ittiham edirlər, xüsusilə də ictimai rəyi çaşdırmağa çalışırlar.

Qarabağı düşmən tapdağından azad etməyimiz əbəs yerə deyildir. Əgər qarşımızda duran vacib məsələlərdən biri torpaqlarımızın azad olunması idisə, ikinci mühüm missiyamız həmin əraziləri bərpa etməkdir. Təsəvvür edin ki, işğaldan azad olunmuş ərazilərdə bir dənə də olsun salamat bina yoxdur. Kommunal infrastruktur, yol, inzibati və yaşayış binaları demək olar ki, bütövlükdə məhv edilib. İndi bizim qarşımızda duran əsas vəzifələrdən biri qısa müddət ərzində onları bərpa etməkdir. Səbəb də ondan ibarətdir ki, zaman gedir, dayanmır, məcburi köçkünlər doğma yurdlarına köçürülməli, Qarabağa həyatı qaytarmalıyıq. Dövlət qurumlarının fəaliyyəti tam təmin edilməli, sosial-iqtisadi sahələrin fəaliyyəti bərpa edilməlidir. Bütün bunlara isə böyük vəsaitlər lazımdır.

İstənilən halda bu gün cəmiyyətimiz dövlətin ətrafında sıx birləşməli, yad mənbələrdən daxil olan ianələrlə danışanları dinləməməli, ictimai rəyin zəhərlənməsinə yol verməməlidir. Biz bundan sonra daha da qüdrətlənməliyik ki, düşmənlərimiz baş qaldırmasın, Qarabağımıza isə qısa müddətdə həyatı qaytaraq.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş