Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Azərbaycan gəncləri bütün sahələrdə və sferalarda ləyaqətlə və layiqincə təmsil olunur



Newscenter.az.2.02.2021. Bu gün olduqca əlamətdar bir gündür. Hər il 2 fevral tarixi ölkəmizdə Gənclər Günü kimi qeyd edilir. Gənclərimizə aid xüsusi bir günün təsdiq edilməsi və hər il yüksək səviyyədə qeyd edilməsi gəncliyimizin inkişafına stimul olmaqla yanaşı, eyni zamanda dövlət etimadının və qayğısının bariz nümunəsidir. Bu gün gənclərimizin hərtərəfli inkişafı - vətənpərvər, milli dövlətçilik, azərbaycançılıq məfkurəsinə malik, savadlı, təhsilli, intellektli, dünyagörüşünə malik gənclər olaraq yetişməsi və ölkəmizi istər daxili, istərsə də xarici auditoriyalarda layiqli təmsil etməsi üçün mühüm işlər görülür. Gənclər siyasətinin tərkib hissəsi olaraq dövlət proqramlarının həyata keçirilməsi gələcəyimiz olan gənclərimizə böyük etimad və inamın təcəssümü, həm də onların üzərinə qoyulan məsuliyyətdir.
Tarixin bütün dövrlərində, hətta ən çətin vəziyyətlərdə belə gənclərimiz öz ayıq-sayıqlığını itirməyib, daim öz qətiyyəti, cəsarəti, mərdliyi ilə nümunə olub, dövlətimizə və xalqımıza olan sədaqətini əməlləri ilə sübut edib. Qürurla vurğulamalıyam ki, Azərbaycan gəncliyinin dəyanəti, məğrurluğu bu gün də davam edir.

Qeyd etmək istərdim ki, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2020-ci ilin “Könüllülər İli” elan edilməsi də gənclərimizin ictimai-siyasi sahələrdə fəallığının artırılmasına xüsusi töhfələrdən biridir. Bu gün ölkəmizdə güclü və mütəşəkkil könüllülər ordusu var və könüllülük hərəkatı uğurla inkişaf etməkdədir. Bütün beynəlxalq tədbirlərdə, yarışlarda ölkəmizi və xalqımızı xüsusi peşəkarlığı ilə təmsil edən və nizam-intizamı ilə əsl örnək olan gənclərimiz, bununla həm də özlərinin inkişafına və sosiallaşmasına şərait yaradır. Gənclərimizin könüllülük etikasını və məsuliyyətini, insansevərliyini pandemiya dövründə bir daha gördük. Öz sağlamlıqları bahasına belə olsa vətəndaşlarımızın təhlükəsizliyinin qorunmasında və onların maarifləndirilməsində dövlətlə sanki əl-ələ verərək ilin qəhrəmanlarına çevrildilər. Ən əsası və ən qiymətlisi isə Vətən müharibəsində xalqımızın azadlıq idellarına könüllü qoşulan, qanı-canı naminə ərazi bütövlüyümüzü bərpa edən könüllü gənc əsgər və zabitlərimizin olmasıdır. Onların fədakarlıqlarının əzəməti və möhtəşəmliyi təkcə 2020-ci ilə deyil, bütün tariximizə sığmaz.

Bu gün Azərbaycan gəncləri bütün sahələrdə və sferalarda ləyaqətlə və layiqincə təmsil olunur. Çalışdığı sahədən, hansı peşəyə mənsubluğundan asılı olmayaraq öz potensialını dövlətimizin və xalqımızın inkişafına, təbliğinə yönləndirməklə əsl vətəndaşlıq nümunəsi sərgiləyir. Gənclərimiz indi tarixin arxinə atılmış, qüdrətli ordumuzun sayəsində ərazi bütövlüyümüzün bərpa olunması ilə həllini tapan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanında da beynəlxalq tribunalardan xalqımızın haqq səsini ucaldıb. Bütün dünyanı sülhə, barışa əhəmiyyətli töhfələr verərək, ədalətə dəstək verməyə çağırışlar edib. Zaman-zaman diskussiyalarda, müxtəlif aksiyalarda Ermənistanın işğalçılıq siyasətini ifşa etməyə əvəzsiz səylər göstərib. İstər real, istərsə də virtual aləmdə əcnəbilərlə müzakirələrdə onları tarixi faktlarla yaxından tanış edərək münaqişənin həlli istiqamətində Azərbaycanın konstruktiv mövqeyini və qətiyyətini sübut ediblər. Təkcə milli məsələlərimizdə deyil, idman, mədəniyyət sahələrindəki beynəlxalq yarışlardakı qalibiyyətlərimiz də ölkəmizin təbliğ edilməsi, ən ali dəyərlərə malik, istedadlı xalq olaraq təqdim olunmağımız üçün olduqca əhəmiyyətlidir. Tarixi torpaqlarımızın Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunması üçün bu ilin 27 sentyabr tarixində başlanan 44 günlük Vətən müharibəsində də Azərbaycan gəncləri misli görülməmiş qəhrəmanlıq dastanı yazdı, adını tariximizin şanlı səhifələrinə əbədi həkk etdi.

Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qüdrəti və qətiyyəti nəticəsində 30 ilə yaxındır ki, Ermənistanın işğalı altında olan torpaqlarımızı işğaldan azad etdik. Bununla da beynəlxlaq hüquqla təsdiqlənən ərazi bütövlüyümüz tarixi torpaqlarımızın azadlığı ilə bütövləşdi, bərpa olundu. Azərbaycan dövləti və xalqı, xüsusilə döyüşlərdə iştirak edən gənclərimiz dünyaya öz gücünü, vətənsevərliyini, qətiyyətini və cəsarətini bir daha nümayiş etdirdi. Hər bir azərbaycanlı üçün qürur və iftixar tariximiz olan 44 günlük Vətən müharibəsi zamanı dövlət-xalq-ordu birliyinin, həmrəyliyinin nə qədər əhəmiyyətli olduğunun şahidi olduq. Bu Vətən savaşında düşmən üzərində parlaq qələbəmizin əsas səbəbkarları içərisində Azərbaycan gəncliyi xüsusilə fərqləndi. Tariximizin bütün dövrlərində gənclərimiz öz vətənpərvərliyi və qətiyyəti ilə seçilib. Təbii ki, bu bizlərə qürur verir və bizləri daha da ruhlandırır. Azərbaycan gəncliyinə olan inam, etimad bizlərə əlavə ruh yüksəkliyi verməklə Vətənimizin keşiyində daha da əzmlə durmağa, gələcəyimizə daha da nikbin baxmağa sövq edir.

Dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin tarixi Şuşa şəhərinə səfəri zamanı səsləndirdiyi fikirlər bütün xalqımız üçün olduqca əhəmiyyətlidir. Xüsusilə yeni yetişən gənc nəslin ünvanına səsləndirilən fikirlər Vətən müharibəsinin qalibiyyətində gənc əsgər və zabitlərimizin qəhrəmanlığını bir daha sübut etmiş olur. Cənab Prezidentin fikirlərinə istinad edərək bildirmək istərdim ki, həqiqətən son 17 ildə ölkəmizdə yetişməkdə olan gənc nəsil öz savadı, intellektual hazırlığı, dünya görüşü, cəsarəti, ən əsası isə dövlətinə, Vətəninə və millətinə bağlılığı ilə əsl örnəkdir. Bu mənada, döyüşdəki zəfərimiz də məhz hazırlıqlı, yüksək peşəkar, təhsilli əsgər və zabitlərimizin sayəsində qazanıldı. Vətən müharibəsi zamanı Qarabağın Azərbaycan gəncliyi üçün nə qədər əvəzedilməz olduğunu bütün dünya gördü.
Bu gənclərimiz haqqında kitablar yazılmalı, dərsliklərdə məktəblilərimizə və tələbələrimizə, bütün dünyaya onların qəhrəmanlıqları aşılanmalıdır. Mən Vətən müharibəsində qələbə qazanmağımızda zəhməti olan bütün gənclərimizlə qürur duyuram, onlar hər zaman bizim üçün əsl qəhrəmanlıq nümunəsidir.

Qarşıda gəncliyimizi daha da məsuliyyətli günlər gözləyir. Vətən müharibəsindəki zəfərimiz bizi daha böyük islahatlara, ideyalara sövq etməlidir. İndi önümüzdə Qarabağımızın dirçəldilməsi kimi müqəddəs missiya dayanır. Erməni işğalçılarının əsarətindən xilas edilən torpaqlarımız tamamilə darmadağın edilib, şəhərlərimiz, kəndlərimiz misli görülməmiş vandalizmə və amansız şəhər soyqırımına məruz qalıb. Bütün tarixi, dini, mədəni abidələrimizə qarşı terror siyasəti həyata keçirilərək izlərimizin oradan silinməsinə cəhdlər edilib. Bu baxımdan Qarabağımızı işğaldan azad edən gənclərimiz onun inkişafında, tərəqqisində də yaxından və fəal şəkildə iştirak etməlidir. Qürurlu və fədakar gənclərimizin bu missiyada da uğurla təmsil olunacağına inanıram.

Təbii ki, siyasi və diplomatik mübarizəmiz yekunlaşmayıb. Erməni faşizminə qarşı haqlı savaşımız bundan sonra davam etdirilməlidir. Çünki erməni vəhşiliyi sərhəd tanımır və onlara qarşı ən qətiyyətli şəkildə mübarizə aparmaq lazımdır.

Sonda bütün ləyaqətli, dövlətinə, Vətəninə və xalqına bağlı olan, onu göz bəbəyi kimi qoruyan gənclərimizi, xüsusilə gənc əsgər və zabitlərimizi 2 Fevral - Gənclər Günü münasibətilə təbrik edirəm. Onlara doğma Azərbaycanımızın çiçəklənməsi, dirçəlməsi yolundakı yorulmaz fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirəm.

Kubra Əliyarlı
Binəqədi Bələdiyyəsinin üzvü, komissiya sədri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının baş məsləhətçisi, Gənclər Birliyinin Şura üzvü, Qadınlar Şurasının üzvü
Xəbəri paylaş