Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq təşkilatlar minalı ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməsi üçün Ermənistana ciddi təzyiqlər göstərməlidir



Newscenter.az.4.04.2021. Birləşmiş Millətlər Təşkilatı 2005-ci ildə 4 aprel tarixini Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü elan etmişdir. Hazırda, Azərbaycan azad edilmiş ərazilərinin kütləvi minalanması problemi ilə üz-üzədir.

Bildiyimiz kimi, 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanatın imzalanması ilə münaqişə başa çatmışdır. Lakin, münaqişədən sonrakı mərhələdə Ermənistan tərəfinin minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsi, yeni formada müharibənin və terror siyasətinin davam etdirilməsi deməkdir. Bu nöqteyi-nəzərdən, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 30 illik işğalı dövründə Ermənistanın bu ərazilərə məqsədli şəkildə minalar yerləşdirməsi Azərbaycan hərbçiləri və mülki vətəndaşları arasında çox sayda itkiyə səbəb olub. Ümumilikdə, işğaldan azad olunmuş ərazilərimizdə mina partlaması nəticəsində aralarında 14 nəfəri mülki şəxs olmaqla, 20 nəfər Azərbaycan vətəndaşı həlak olub. Eyni zamanda, digər insanları qorumağa çalışan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) cəsur əməkdaşları da daxil olmaqla, 85 vətəndaşımız (o cümlədən, 16-sı mülki şəxs) ağır yaralanıb. Təbii ki, bu açıq-aşkar cinayətdir və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Cənab Prezident İlham Əliyev martın 31-də keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq şurasının qeyri-rəsmi Zirvə Görüşündə də bu məsələyə xüsusi toxundu. Cənab Prezident qeyd edib ki, “Bu, hərbi cinayətdir. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti insanlığa zidd cinayətlərdən biridir. Beynəlxalq qurumlar, dünya ictimaiyyəti, həmçinin Ermənistanı dəstəkləyən dövlətlər bu məsələyə reaksiya verməlidirlər”.
Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyəti Ermənistanın törətdiyi bu cinayətlərə göz yummamağa, etnik təmizləməyə məruz qalmış yüzminlərlə azərbaycanlının doğma torpaqlarına qayıtmasına maneə yaratmamağa və insanların lüzumsuz yerə əzab-əziyyət çəkməsinin qarşısını almağa çağırıb. Bununla yanaşı, Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməməkdə bir digər məqsədi də, Azərbaycanın işğaldan azad olnmuş ərazilərdə həyata keçirməkdə olduğu quruculuq işlərinə mümkün qədər maneə olmaqdır. Əlbəttə ki, bununla da faşist Ermənistan öz xislətini bir daha dünyaya nümayiş etdirir.

Lakin, beynəlxalq təşkilatlar buna göz yummamalı və xəritələrin Azərbaycana təhvil verilməsi üçün Ermənistan tərəfinə ciddi təzyiqlər göstərməlidir.Çünki, bu məsələyə göz yummaqla, beynəlxalq təşkilatlar da Ermənistanın məqsədli cinayətlərinə şərik olmuş olur.

Tamam Cəfərova-Milli Məclisin deputatı
Xəbəri paylaş