Newscenter.az.14.12.2018. Paytaxt məktəbliləri arasında “Yunior liqa” Şən və Hazırcavablar Klubu (ŞHK) respublika çempionatına start verilib.
Newscenter.az xəbər verir ki, Təhsil Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Şən və Hazırcavablar Klubunun birgə təşkil etdiyi çempionatın əsas məqsədi ŞHK-nın ənənələrini yaşatmaq, yetişməkdə olan gənc nəslin bu istiqamətdə yaradıcı potensialını üzə çıxarmaqdan ibarətdir.
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan və rus dillərində təşkil olunmuş çempionatın 1\8 mərhələsi üç gün davam edib.
İlk olaraq yarışda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 102, 167, 236 nömrəli tam orta məktəblər, 16 nömrəli Texniki-humanitar lisey, 160 nömrəli Klassik gimnaziya, həmçinin Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-lisey və Bakı Slavyan Universitetinin nəzdindəki Məktəb-lisey kompleksi mübarizə aparıblar.
Növbəti gün səhnədə paytaxtakı 17, 46, 164, 189-190, 193, 210, nömrəli tam orta məktəblər, 20 nömrəli məktəb-lisey və Təhsil Nazirliyinin tabeliyindəki "Ankara məktəbi" məktəb-liseyinin komandaları görüşüblər.
Yarışın sonuncu günü Bakı şəhəri üzrə 19, 44, 50, 91, 239, 279 və Təhsil Nazirliyinin tabeliyindəki S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasının komandaları yarışıblar.
Komandaların çıxışları tanınmış incəsənət xadimlərindən, Şən və Hazırcavablar Klubunun peşəkar oyunçularından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Qeyd edək ki, çempionatın 1\4 mərhələsinin 2019-cu ilin fevral-mart aylarında keçirilməsi nəzərdə tutulur.
R.Mehdiyeva