Newscenter.az.17.01.2019. Respublika əhəmiyyətli Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ötən il başlanılmış yenidənqurma işləri bu il də davam etdirilir.
Avtomobil Yolları Dövlət Agentliyindən Newscenter.az-a bildirilib ki. Lənkəran-Lerik avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla III texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Hər bir hərəkət zolağının eni 3.5 metr, çiyinlərin eni isə 2.5 metr olmaqla yolun ümumi eni 12 metr təşkil edir. Yenidənqurma işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı 18 min kv.m sahədə frezlənərək kənara daşınır, 92 min kub.m həcmdə yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əvəzinə yol yatağının karxana çınqılı ilə tikintisi işləri görülür. Bundan başqa yol yatağının profilə salınması və normativ eninin alınması üçün xüsusi qrup qrunt daşınaraq yayılır və kipləşdirilir. Torpaq işləri 276 min kub. m həcmdə icra olunur.
Lənkəran-Lerik avtomobil yolunun bir-neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda yol yatağının əlavə bərkidilməsi işləri görülür. Bunun üçün xüsusi qrup qrunt əraziyə gətirilərək yayılır və kipləşdirilir, avtoqreyderlə 28 min paqon-metr uzunluğunda küvetlər açılır, həmçinin 3200 kub.m dəmir-beton küvetlər inşa edilir. Yenidənqurma işlərinin sonuncu mərhələsində yola 6 avtobus dayanacağı qoyulacaq, həmçinin hərəkətin normal təşkili üçün yol boyu zəruri olan yerlərdə 152 ədəd yol nişanı və məlumatverici lövhə, 2024 ədəd siqnal dirəyi və 110 ədəd km göstəricisi quraşdırılacaq, 153 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.