Newscenter.az.25.02.2019. “Cənnət bağı” Şirkətlər Qrupunun rəhbərliyi uzun müddətdir istifadə etdiyimiz yay otlaq sahəsini qeyri-qanuni zəbt edərək torpağın təyinatını və strukturunu pozmaqla orada istirahət evləri tikib və tikməkdə də davam edir”.
Bunu AFN-ə Xəlilov Sənan Sultanağa oğlu bildirib. O, qeyd edib ki, 2014-cü ilin 20 noyabrından Qusar rayon İcra Hakimiyyətinin, ondan əvvəldən də müvafiq qurumların sərəncamı ilə istifadəsində olan torpağın əlindən alınmasından şikayətçidir. Şikayətçi bildirir ki, özü Quba rayonunun Xınalıq kəndindəndir: “Məlumat üçün bildirim ki, atam Xəlilov Sultanağa torpaq islahatlarına qədər Quba rayonunun tərkibində olan yay otlaq sahəsini 1969-cu ildən istifadə edib. 1998-ci ildə sovxoz və kolxoz islahatından sonra mən və mənimlə birgə Xınalıq kənd sakinləri istifadə edirik. 2000-ci ildə Quba RİH-lə 15 illik müqavilə bağlamışıq. 2014-cü ildən həmin torpaq Qusar rayonuna verildi və həmin ilin noyabrında yenidən Qusar RİH-lə uzunmüddətli müqavilə bağladıq. Mən ali təhsilli zootexnik olaraq atamın yolunu davam etdirmək istəyirəm. Mən və ətrafımda olan ailələr həmin torpaqdan təyinatı üzrə istifadə edərək heyvandarlığı inkişaf etdiririk. Lakin bu yolda mənə və digərlərinə maneçilik törədilir”.
S.Xəlilov qeyd edir ki, Qusar RİH onunla müqavilə bağladığı halda 2015-ci ildə həmin yay otla q sahəsini “Cənnət bağı” Şirkətlər Qrupunun rəhbərliyinə verib: “İH-in səlahiyyətli nümayəndəsi Şahvar Əzizov və Qusar rayon Baytarlıq İdarəsinin rəhbəri 03 iyun 2017-ci ildə məndən xəbərsiz yaylağa gələrək çobanlara hədə-zorxu gəlmiş, mənə məxsus təsərrüfatda sayım aparmış və torpaq bölgüsü etmişdir. Bu, sahibkarın qanunla qorunan hüquqlarının tapdanması deməkdir. Şirkətlər Qrupunun Quba-Qusar rayonları ərazisində müxtəlif yerlərdə yay otlaq sahələri var. Biz xınalıqlıların tək dolanacaq yeri olan yay otlaq sahələri əlimizdən alınması neçə ailənin dolanacaq yeri olmaması deməkdir”.
Qeyd edək ki, “Cənnət bağı” Şirkətlər Qrupunun rəhbəri “Sədərək Yusif” deyə tanınan “Sədərək” Ticarət Mərkəzinin rəhbəri Yusif Qasımbəylidir.
S.Xəlilov media vasitəsilə üzünü ölkə rəhbərliyinə tutaraq pozulmuş hüquqlarının bərpa olunmasını istəyir. Onun indiyədək keçdiyi məhkəmə prosesləri, qarşı tərəfin ona etdiyi təzyiqlər, yerli məmurlar tərəfindən hüquqlarının pozulması və s. digər detallar haqda növbəti yazılarımızda qeyd edəcəyik. Növbəti yazılarımızda həm də, S.Xəlilovun atası Sultanağa Xəlilovun mərhum prezident Heydər Əliyevlə və hazırkı prezident İlham Əliyevlə olan dostluq münasibətləri haqda məlumat və fotoları təqdim edəcəyik.