Newscenter.az.13.03.2019. Martın 13-də Sumqayıt şəhərinin, həmçinin Abşeron rayonu Xırdalan şəhəri, Ceyranbatan, Saray Hökməli, Atyalı, Qobu, Daş Güzdək, Aşağı Güzdək, Çiçək, Müşviqabad və 28 May qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olan məlumata görə, buna səbəb Sumqayıt şəhəri 12-ci mikrorayon Koroğlu küçəsində yerləşən ərazidə məcburi köçkünlər üçün inşa edilmiş, 1088 mənzilli yaşayış kompleksinə çəkilmiş diametri 159 mm-lik orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin 23-cü km-də aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar həyata keçiriləcək təmir işləridir. Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.