Newscenter.az.29.04.2019. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirallahı rayonu, Qala-Pirallahı avtomobil yolundan ayrılan Gürgən qəsəbəsinin, həmçinin Xəzər rayonu Zirə qəsəbəsinin “Qoşa Qışlaq” yaşayış massivinin yollarının yenidən qurulması işləri aparılır. Agentlikdən Newscenter.az-a bildirilib ki, 2 km uzunluğunda olan Gürgən qəsəbəsinin və 1.5 km uzunluğa malik “Qoşa Qışlaq” yaşayış massivinin yolları 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur. 7 metr hərəkət hissə, hər bir istiqamət üzrə 2.5 metr çiyinlər də daxil olmaqla yol yatağının eni 12 metr təşkil edir.
Sözügedən yollar uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğu və əksər hissələrinin torpaq əsaslı olduğu üçün payız-qış aylarında hərəkətdə problemlərə səbəb olurdu.
Layihə çərçivəsində bu problemlərin aradan qaldırılması üçün yollar boyu köhnə örtük, həmçinin zəruri yerlərdə əsasın və torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa edilib.
Layihənin sonuncu mərhələsində “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən çiyin hissələr optimal qum-çınqıl qarışığı ilə bərkidiləcək, hərəkətin normal təşkili üçün isə zəruri yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləndən sonra yol vətəndaşların istifadəsinə veriləcək.
Qeyd edək ki, Gürgən qəsəbəsinin və “Qoşa Qışlaq” yaşayış massivinin yollarının yenidən qurulması ilə sözügedən ərazilərdə yaşayan 3 mindən artıq əhalinin rahat və təhlükəsiz şəkildə hərəkəti təmin olunacaq.