Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında özəl şirkətlərin rolu” mövzusunda tədbir keçirilib

“Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında özəl şirkətlərin rolu” mövzusunda tədbir keçirilib


Newscenter.az.15.05.2019. Mayın 15-də Azərbaycan Respublikası Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında özəl şirkətlərin rolu” mövzusunda tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə çıxış edən Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ndən irəli gələn məqsədlər və Azərbaycanın DİM-lərə nail olunması istiqamətində gördüyü işlər barədə məlumat verib, ölkəmizdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını, Şura çərçivəsində aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirildiyini, Azərbaycanın inkişaf prioritetlərinin DİM-lərə uyğunlaşdırıldığını və ölkəmizdə həyata keçirilən dövlət proqramları və digər sənədlərdə DİM-lərin nəzərə alındığını qeyd edib. Baş Nazirin müavini Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində dövlət-özəl əməkdaşlığının, bu sahədə maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın regionda ilk ölkə olaraq BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Azərbaycanın İkinci Könüllü Milli Hesabatının təqdim olunacağını bildirib.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti DİM-lərə çatmaq üçün görüləcək tədbirlər, bu sahədə Azərbaycanla əməkdaşlıq barədə fikirlərini bölüşüb. DİM-lərin həyata keçirilməsi istiqamətində ölkəmizin ciddi addımlar atdığını vurğulayan Alessandro Frakassetti bu sahədə Azərbaycan Hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirib, Azərbaycanın 2017-ci ildə Könüllü Milli Hesabatını təqdim edən ilk ölkələrdən olduğunu diqqətə çatdırb.

İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov “DİM-in qlobal məqsəd, hədəf və göstəricilərin milli prioritetlərə uyğunlaşdırılması və DİM-lərdə özəl sektorun rolu” mövzusunda təqdimatla çıxış edib.

“Dayanıqlı İnkişaf Məqsədləri və özəl sektor” panel müzakirədə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, aparılan iqtisadi islahatlar barədə məlumat verib. Sahibkarlığın inkişafının, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılmasının ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən olduğunu, son zamanlar köklü islahatların aparıldığını vurğulayan Sahib Məmmədov bu sahədə görülən işlərin nəticəsi olaraq, ümumi daxili məhsulda özəl sektorun payının 85%-ə, məşğulluqda isə 76%-ə çatdığını qeyd edib. Bütün bunlar isə DİM-in səmərəli icrası baxımından mühüm əhəmiyyət kəsb edir. Özəl sektora göstərilən çoxşaxəli dövlət dəstəyi tədbirləri dövlət-özəl sektor münasibətlərini daha da inkişaf etdirməklə qarşıya qoyulmuş hədəflərə nail olunmasına öz töhfəsini verir. Sahib Məmmədov əldə olunan nailiyyətlərin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini qeyd edib. Belə ki, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsi siyahısına daxil edilmiş və ən çox islahat aparan ölkə elan olunub. Hesabatda Azərbaycanın mövqeyi 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında isə liderlik mövqeyinə yüksəlib.

Paneldə çıxış edən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, "Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi." şirkətinin Azərbaycan və Gürcüstan üzrə rəhbəri Günel Fərəcova, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aliyə Əzimova və “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin sədri Səkinə Babayeva DİM-lərin səmərəli icrasında özəl sektorun rolundan danışıblar.

Panel iclasda DİM-lərinı nail olmaq üçün dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, bu sahədə sahibkarlığın töhfəsi barədə fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş