Newscenter.az.15.05.2019. Dövlət Gömrük Komitəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda tütün məmulatı və spirtli içkinin realizə edilməsinin qarşısını alıblar.
Newscenter.az xəbər verir ki, DGK Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin Hüquqpozmalarla mübarizə şöbəsinə Qazax-Bakı istiqamətində hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu ilə üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan tütün məmulatı və spirtli içkilərin Bakı Beynəlxalq Avtovağzalı istiqamətində daşınması və naməlum şəxsə satılacağı barədə məlumat daxil olub.
Bu məlumat əsasında Bakı Beynəlxalq Avtovağzalı ərazisində əməliyyat tədbiri keçirilib. Əməliyyat qrupunun üzvləri avtobusun salon və baqajına ilkin baxış keçirərkən, həqiqətən avtobusda 3 ədəd karton qutuda və 23 ədəd sellofan torbada üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan tütün məmulatı və spirtli içkilərin olduğu müəyyən edilib.
Sorğu-sual zamanı avtobusun sürücüsü tütün məmulatı və spirtli içkilərin Qazax şəhərində tanımadığı şəxs tərəfindən ona verildiyini və Xırdalan şəhərindəki Bakı Mühəndislik Universiteti yaxınlığında Qərib adlı şəxsə təhvil verilməli olduğunu bildirib.
Beləliklə, əməliyyat tədbiri sonra sözügedən ünvanda davam etdirilib. Avtobus həmin ərazidə dayandıqdan bir neçə dəqiqə sonra ora "Lada" markalı minik avtomobili yaxınlaşıb. Həmin avtomobili idarə edən şəxs avtobusun salon və baqajında olan tütün məmulatı və spirtli içkiləri götürərkən saxlanılıb.
Daha sonra DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsində 3 ədəd karton qutuya və 23 ədəd sellofan torbaya təkrar baxış keçirilib. Bu zaman üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan cəmi 73.800 ədəd müxtəlif markalı siqaret və hər biri 1 litr həcmində cəmi 30 ədəd müxtəlif adda spirtli içkilər aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.