Newscenter.az.15.05.2019. Xalqımızın qürurverici qəhrəman oğullarından biri olan Sultanbəy Paşabəyoğlu Karsın Koçköy məzarlığında uyuyur. Beynəlxalq Diaspor Mərkəzi olaraq 8 il bundan öncə Köçköydə Sultanbəyin məzarını ziyarət edib, onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində hərəkətə keçdik. Bu müddət ərzində BDM sədri İsmayıl Ağayev Tiflis və Sankt Peterburq arxivlərindən Sultan bəylə bağlı mühüm sənədlərin araşdırıb əldə olunmasını təmin etdi. Qəhrəmanımızın bəyliyini təsdiq edən şəcərə ortalığa çıxarıldı. Nəticədə qardaş Türkiyənin hökumət dairələri ilə razılıq əldə edilərək Sultanbəyin xatirəsinin əbədiləşdirilməsi üçün bir sıra işlər gördük.
İki il öncə Koçköy məzarlığında Bəyin xatirə lövhəsi qoyularaq geniş tədbir keçirildi. İrəlidə məqsədimiz Sultanbəyə layiq Koçköydə abidənin ucaldılmasıdır. Burada bir məqama toxunmaq istəyirəm iki il bundan öncə xatirə lövhəsini qoymağa hazırlaşanda bir neçə şəxs mərkəzimizin ofisinə təşrif buyurdu. Bunlar Laçın rayonunun deputatı MahirAbbaszadənin yaxınları idi. MahirAbbaszadə bildirirdi ki Sultanbəy Laçınlıdır onun xatirəsini əbədiləşdirmək bizə düşər, Siz bu məsələlərdən kənar durun. Deputat deyirdi ki, Koçköydə bəyin abidəsini ucaldacaq, Sultanbəyin xatirəsini əbədiləşdirilməsi istiqamətində nə lazımdırsa həyata keçirəcək. İndi deputat Mahir Abbaszadəyə sual edirəm, biz qəhrəmanımızın xatirə lövhəsini qoyduq, eyni zamanda abidəsinin qoyulması ilə bağlı da razılığı əldə etdik. Siz niyə sözünüzü tutmadınız? Bu gün siz deputat olmaqla yanaşı eyni zamanda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktorusunuz.
Müəyyən imkanlara maliksiniz, xalqımız qarşısında böyük xidmətlər göstərmiş Sultanbəy eyni zamanda rus-erməni terror sui-qəsdlərindən didərgin düşərək bu gün Koçköydə qərib məzarlıqda uyuyur. Sultanbəy bu gün Laçınımızın ən böyük didərginidir. Onun məzarını bir ziyarətə çevirmək, ruhunu şad etmək bizlərin hər birinin borcudur. Sultanbəy bir bölgənin deyil, bütün Azərbaycan xalqının Qəhrəman övladıdır. Sultanbəyin Koçköydə abidəsinin ucaldılmasında deputat Mahir Abbaszadədən addım atmasını gözləyirəm.
Samir Adıgözəlli, BDM-in sədr müavini, İSBAM sədri