Newscenter.az.8.06.2019. Heydər Əliyev 35 il əvvəl Suriyada Nəsiminin qəbrini ziyarət etmiş, məzarını bərpa etdirmişdir
650 illik yubiley tədbirləri böyük təntənə ilə qeyd edilən dahi mütəfəkkir İmadəddin Nəsimi yaradıcılığına olan yüksək diqqət və qayğı dövlətimizin yürütdüyü milli azərbaycançılıq ideologiyasında həmişə mühüm yer tutmuşdur.
Nəsiminin tanıdılması, yaradıcılığının ölkəmizdə sistemli tədqiqi və təbliği Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin ötən əsrin 70-ci illərində əzmkarlığı və qətiyyətli fəaliyyəti sayəsində Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması təmin edilmişdir.
Ulu öndər Heydər Əliyev sovet ideologiyasının beyinlərə hakim kəsildiyi dövrdə Nəsiminin tanıdılması, geniş təbliği üçün böyük əmək sərf etmişdir. Heydər Əliyevin İmadəddin Nəsimiyə olan sonsuz məhəbbətinin ən yüksək nümunəsi kimi Onun 1984-cü il martın 12-də Suriyaya rəsmi səfəri zamanı Hələb şəhərinə gedərək İmadəddin Nəsiminin qəbrini ziyarət etməsini göstərmək olar. Heydər Əliyev Bakıya döndükdən sonra Nəsiminin geniş şəkildə tanıdılması, onun irsinin geniş təbliği üçün müxtəlif orqanlara ciddi tapşırıqlar verilmiş, Azərbaycanlı mütəxəssislər dövlətin hesabına Suriyaya ezam edilirlər. Onlar Nəsiminin məzarının vəziyyəti ilə tanış olurlar və bərpası məsələsini qaldırırlar. Heydər Əliyevin səyləri ilə məzar bərpa olunmuşdur. Nəsiminin portretini bərpa etmək üçün beynəlxalq müsabiqə elan edilir.
Nəsiminin 600 illik yubileyinin keçirilməsi və abidənin qoyulması yolunda olan maneələrin aradan qaldırılması da Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Onun təşəbbüsü ilə ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur. Həmin yubileyə dünyanın 29 ölkəsindən alim və ədəbiyyatçı gəlir və Heydər Əliyev onları qəbul edir. UNESCO-nun “Kuryer” jurnalında Nəsimi haqqında geniş məqalə dərc edilir, əsərləri ingilis, fransız və başqa dillərə tərcümə edilir.
“Nəsimi” bədii filminin çəkilişinin baş tutması da məhz Heydər Əliyevin əvəzsiz əməyi, qətiyyəti və prinsipiallığı sayəsində mümkün olmuşdur. Bu gün Nəsimi irsinin dünya miqyasında tanıdılıması məhz Ulu öndərin əsasını qoyduğu ənənəyə uyğun olaraq bu gün təntənəli şəkildə geniş təbliği və təşviq edilməkdədir.
Vaqif Abdullayev, YAP Siyasi Şurasının üzvü