Newscenter.az.2.09.2019. Sentyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.
Newscenter.az xəbər verir ki, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin, bələdiyyələrin nümayəndələri, din xadimləri, dindarlar və gənclərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Aftandil Hüseynzadə qeyd edib ki, rayon ərazisində dini durum sabitdir. Onun sözlərinə görə, Sabunçu rayonunda 10-a yaxın dini icma, 40-a yaxın isə məscid fəaliyyət göstərir.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, İslam dəyərləri xalqımızın mənəvi varlığının ayrılmaz tərkib hissəsinə çevrilib. Onun sözlərinə görə, dini radikalizm və xurafata qarşı olan dinimiz həmişə insanları saflığa, ülvi mənəviyyata dəvət edib. S. Heydərov onu da vurğulayıb ki, dini kimliyimiz milli kimliyimizin tərkib hissəsidir: “Biz milli kimliyimizi hər şeydən üstün tutmalıyıq. Təəssüflər olsun ki, bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar”. DQİDK-nın sədr müavini İslamın əsas məqsədinin cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaq olduğunu diqqətə çatdırıb.
Dövlət Komitəsinin sədr müavini onu da qeyd edib ki, Aşura mərasimlərində Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əməl edilməsi olduqca vacibdir. Eyni zamanda, vətəndaşlar, xüsusilə gənclər yad ideyalardan qorunmaları üçün müvafiq icazəsi olmayan ədəbiyyatlardan və saxta dini təqvimlərdən istifadə etməməlidirlər. Natiq din xadimlərini və dindarları dini ekstremizm və xurafata qarşı mübarizədə fəal olmağa çağırıb.
S. Heydərov, həmçinin çıxışı zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlikdən və dövlət-din münasibətlərindən də danışıb.
Milli Məclisin deputatı Fazil Mustafa isə çıxışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin radikalizmlə mübarizə və dini maarifləndirmə istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib. İslamın elm və təhsilə böyük önəm verdiyini diqqətə çatdıran MM-in deputatı onu da vurğulayıb ki, İslam meydana çıxdığı gündən elmə böyük dəyər verib, elm öyrənməyi, təhsil almağı ibadət səviyyəsinə qədər yüksəldib.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Musa Qaasımov və başqaları mövzu ilə bağlı fikirlərini səsləndirblər.