Newscenter.az.2.09.2019. Sentyabrın 1-dən etibarən Azərbaycana səfər edəcək Türkiyə vətəndaşları üçün viza rejimi ləğv edilibdir. Viza rejiminin ləğvi mühüm siyasi və iqtisadi hadisə hesab edilməklə iki qardaş ölkə arasında strateji münasibətlərin zirvəyə çatmasında daha mühüm addım hesab oluna bilər. Viza rejimi ilə bağlı məhdudiyyətlərin aradan götürülməsi hər iki tərəfin cəsarətli və nümunəvi diplomatik uğurlarının yeni səhifəsidir.
Viza rejiminin ləğvi qarşılıqlı səfərlərin dinamikasında xüsusi tablo acacaq, siyasi və iqtisadi həyata stimul gətirəcək. Belə ki, bu qərar iki ölkə arasında siyasi münasibətlərin inkişafında yeni mərhələ açacaq, hərtərəfli əlaqələrin dinamikasını artıracaq. Yeni viza rejiminin tətbiqi iqtisadi, siyasi, sosial, mədəni, humanitar əlaqələrin inkişafını sürətləndirməklə bütün sahələrə yeni nəfəs verəcək.
Viza rejimini aradan qaldırması hər iki tərəf üçün bir sıra üstünlüklər vəd edir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, insanların maneəsiz hərəkəti ölkələr arasında kapitalın da sürətli hərəkətinə təkan verir və bu isə öz növbəsində iqtisadiyyatın dinamik inkişafını təmin edir. Viza rejiminin ləğvi kiçik biznes və ticarətlə məşğul olan, daha doğrusu Azərbaycan qısa müddətə mal gətirən Türkiyəli kiçik sahibkarların işini də asanlaşdıracaq. Bu, iki ölkə arasında ticarət dövriyyəsinin müəyyən həcmdə artmasına da müsbət təsir göstərəcəck. Qeyd edək ki, 2019-cu ilin 6 ayı ərzində iki qardaş ölkə arasında ticarət dövriyyəsinin həcmi 35% artıb. Azərbaycanın Türkiyəyə ixracı 2 dəfəyə yaxın artıb. Həm xarici ticarət dövriyyəsində, həm də Azərbaycanın ixracında Türkiyə 2-ci yerdə qərarlaşıb. Yaxın illərdə hər iki ölkə arasında sərmayə qoyuluşlarının dinamikası da artacaq. 2020-ci ildə Azərbaycanın Türkiyəyə yatırdığı xarici investisiyanın həcmi 20 milyarda dollara çatacağı gözlənilir. Türkiyə şirkətlərinin Azərbaycan iqtisdiyyatına yatırımları 14 milyard dolları keçib, yaxın 5 ildə bu rəqəm 25 milyarda çatacaq. Bütün bu addımlar, o cümlədən, sadələşdirilimiş visa rejimi iqtisadi əlaqələrin daha sürətlə inkişafına dəstək verəcək.
Vizasız rejim turisttlərin sərbəst gəliş-gedişini təmin edəcək, iki ölkə arasında turizmin inkişafında mühüm rol oynayacaq. 2019-cu ilin 6 ayının yekunlarına görə, Azərbaycana səfər edən turistlərin sayının 12-13 %-ni Türkiyə vətəndaşları təşkil edir. Yəni il ərzində Azərbaycana gələn 2 milyon turistin təxminən 250 min nəfəri Türkiyə vətəndaşlarıdır. Nəzərə alsaq ki, Azərbaycan vətəndaşlarının da Türkiyədə vizasız qalma müddəti 30 gündür, o zaman turistlər istər Azərbaycanda, istərsə də Türkiyədə rahatlıqla istirahət edə biləcəklər. Onsuz da səyahət üçün başqa ölkələrə gedən turistlər ən çoxu iki həftə müddətində həmin ölkədə qalırlar. Bu baxımdan vizanın Türkiyə vətəndaşları üçün ləğv edilməsi bu ölkədən Azərbaycana gələn turistlərin sayını artıracaq. Bundan sonra faktiki olaraq türkiyəli turistlərin sayı daha da artacaq, onların sayı təxminən 320-350 min nəfərə çatacaq. Maneəsiz viza rejimi sosial müdafiə və səhiyyə, humanitar əməkdaşlıq sahələrində də mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, hazırda Türkiyədən gələn həkimlər arasında turist vizası ilə gəlib burada işləyənlər var, onlar müəyyən olunmuş müddətədn artıq Azərbaycanda qala bilmirlər. Bu bəzən nəzərdə tutulan tibbi layihələrin tam icra edilməsinə mane olur. Beləliklə, vizanın 30 gün müddətinə kimi artırılması bu problemin də həllinə səbəb olacaq.
Viza rejimini ləğv edilməsi türkdilli dövlətlər arasında əməkdaşlığı daha da dərinləşdirəcək, türk dünyasının rifahını təmin etməyə yardım edəcək. Türkiyə və Azərbaycan regionun aparıcı dövlətləri olaraq həm də türk birliyinin möhkəmlənməsində, türk ölkələri arasında sarsılmaz qardaşlıq bağlantıısının güclənməsində öndərlik edir.
Türkiyə və Azərbaycan qardaşlığı regionun siyasi xəritəsinə yeni zəngin çalarların əlavə edilməsinə davamlı şəkildə öz töhfəsini verməkdədir. Bu gün Azərbaycan və Türkiyə münasibətləri “Bir millət iki dövlət” anlayışının bütün fəlsəfi ruhuna uyğun olaraq qarşılıqlı münasibətlərin hərarətini yüksəldərək region üçün örnəkverici nümunəyə çevrilməkdədir. Bu iki ölkənin atdığı bu cür addımların digər türk dövlətləri tərəfindən də gerçəkləşməsi istisna olunmur.
Vaqif Abdullayev, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü