Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"The Washington Times" qəzeti “Coca-Cola” nın Azərbaycanda ağacəkmə layihəsini qeyd edib


Newscenter.az.11.09.2019. ABŞ-ın nüfuzlu “Washington Times” qəzeti bu yaxınlarda dərc elediyi məqalədə “Coca-Cola” şirkətinin Azərbaycanda həyata keçirdiyi ağacəkmə layihəsini qeyd edib. Məqalənin müəllifi Rob Sobhani Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkədəki ekoloji təşəbbüslərini, xüsusən də genişmiqyaslı ağacəkmə işlərini təqdir edir.

Newscenter.az xəbər verir ki, müəllif məqalədə həmçinin “Coca-Cola” şirkətinin ADA Universiteti ilə birgə həyata keçirdiyi ağacəkmə layihəsini də vurğulayır. Məqalədə qeyd edilir ki, birinci xanımın təşəbbüsü ilə əkilmiş ağaclar parnik qazları (CO2) tullantılarının yaratdığı fəsadları aradan qaldırmağa kömək edir və bu yanaşma iqlim dəyişikliyi probleminin həllində bütün dünya üçün model ola bilər.

“Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə baş direktoru Eser Sevinc Manav da öz növbəsində iqlim dəyişikliyinə qarşı mübarizədə birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, “Coca-Cola” sosial məsuliyyətli şirkət olaraq, ətraf mühitin inkişafı naminə birgə əməkdaşlığın fəal tərəfdaşıdır. İqlim dəyişikliyinin fəsadları planet üçün çox dərin və genişmiqyaslı olmaqla yanaşı, həm də biomüxtəlifliyə, su resurslarına, səhiyyə və kənd təsərrufatına təsirsiz ötüşmür: ““Coca-Cola” şirkəti olaraq anlayırıq ki, iqlim dəyişikliyi ətraf mühitə təsir etməklə bərabər, həm də biznesimizə toxuna bilər. Bizim kimi şirkətlər bu qlobal problemin həllində mütləq iştirak etməlidirlər və təbii ki, “Coca-Cola” özünün iqlim dəyişikliyi strategiyasına uyğun olaraq müxtəlif tədbirlər görür. Bunun üçün biz istehsal prosesimizin enerji istifadəsi səmərəliliyini artırmaqla yanaşı, milli və qlobal səviyyələrdə təbiəti mühafizə təşəbbüslərini fəal şəkildə dəstəkləyirik. Azərbaycanda bu istiqamətdə fəxr edə biləcəyimiz işlərdən biri ADA Universiteti ilə birgə reallaşdırdığımız ağacəkmə layihəsidir. Layihə çərçivəsində Bakı və ətraf rayonlarda 50,000-dən artıq şam və zeytun ağacları əkmişik. Ağacların dayanıqlı inkişafı və suvarmanın səmərəli aparılması üçün layihədə damcı suvarma sistemindən istifadə etmişik”.

2014-cü ildən etibarən “Coca-Cola” Fondu və ADA Universiteti Azərbaycanda uzunmüddətli “Ağac ək, təbiətə töhfə ver” layihəsinin icrasına başlayıb. Yüzlərlə könüllü, həmçinin “Coca-Cola” şirkətinin əməkdaşları və ADA Universitetinin tələbələri ağacəkmə aksiyalarında iştirak edirlər. Birgə layihə Abşeron yarımadasında meşəsalma və meşələrin bərpasına yardım edir. Layihədə tətbiq olunan damcı suvarma sistemi suyun təbii resurs olaraq qənaətlə istifadəsini təmin edir. Ağacəkmə layihəsi Abşeron, Siyəzən və Ələt ərazilərini əhatə edir.
Xəbəri paylaş