Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yetər ki, hər bir siyasi partiya "iqtidar-müxalifət dialoqları" olmadan da cəmiyyətimiz üçün faydalı işlər görsün



Newscenter.az.12.09.2019. Dünən Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalının təşəbbüsü ilə keçirilən və bir sıra siyasi partiya nümayəndələrinin qatıldığı “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda "dəyirmi masa"nın bu qədər ajiotaj doğuracağı həm gözlənilən idi, həm də yox. Əvvəla adından da göründüyü kimi bu bir ümumi toplantı idi, dəyirmi masa formatında fikir mübadiləsi görüşü idi. Odur ki, kimlərsə bu toplantını "iqtidar-müxalifət dialoqu" kimi qələmə verməyə çalışmaqla əslində toplantının mahiyyətini, qayəsini dəyişməyə çalışırlar.

Maraqlıdır ki, bəzi KİV-lər də sözügedən görüşü "iqtidar-müxalifət dialoqu" kimi təqdim etdi. Lakin bu toplantının kimin necə təqdim və xarakterizə etməsindən asılı olmayaraq hakim partiya və iqtiaryönümlü partiyalarla müxalifət partiyaları arasında bu cür görüşlərin, toplantıların keçirilməsi öz-özlüyündə müsbət haldır və alqışlanmalıdır. O ki qaldı "dəyirmi masa"ya kimlərin dəvət edilib-edilməməsi məsələsinə, bunu da az qala dünyanın sonu kimi, Apokalipsis kimi qiymətləndirməyə ehtiyac yoxdur. Axı o tədbirə dəvət edilməyənlər bir tək AXCP liderindən ibarət deyildi. Sözügedən tədbirdə Ümid partiyasının, KXCP-nin və bir sıra başqa partiyaların da liderləri gözə dəymirdilər. İndi onlardamı tədbirin təşkilatçısının - Fəzail Ağamalının yaxasından yapışıb, "şaxsey-vaxsey" məclisi qurmalı və Fəzail bəyi linç etməlidirlər? Nəzərə alaq ki, dünənki "dəyirmi masa" bu formatda keçirilən nə ilk, nədəki son tədbir deyil. Gələcəkdə yenə də bu cür toplantıların keçiriləcəyi gözlənilir.

Odur ki, hər kəsin bu cür toplantılarda iştirak etməyə fürsəti olacaq. Yetər ki, hər bir siyasi partiya bu "dəyirmi masa"lar, "iqtidar-müxalifət dialoqları" olmadan da cəmiyyətimiz üçün faydalı işlər görsün, dövlətçiliyimizin qorunub saxlanması üçün öz töhfəsini verməyə çalışsın. Necə deyərlər, məsələ "dəyirmi masa"ya dəvət edilib-edilməməkdə deyil.

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş