Newscenter.az.13.09.2019. Ölkədə istehsal edilən, həmçinin idxal və ixrac olunan qida məhsullarının, eləcə də aqrokimyəvi və baytarlıq preparatları kimi qeyri-qida məhsullarının, həmçinin qida qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları ən müasir cihazlarla təchiz edilib. Laboratoriyaların imkanlarının, maddi-texniki bazasının geniş ictimaiyyətə çatdırılması üçün 13 sentyabr 2019-cu il tarixində İnstitutun Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən Kompleks Tədqiqatlar Laboratoriyasına infotur təşkil edilib.
Newscenter.az xəbər verir ki, 30-a yaxın jurnalistin iştirak etdiyi infotur çərçivəsində jurnalistlərə məlumat verilib ki, Kompleks Tədqiqatlar Laboratoriyasının fəaliyyətinin əsas istiqaməti ölkədə istehsal olunan, həmçinin idxal və ixrac olunan qida məhsullarının, qida qablaşdırma materiallarının, aqrokimyəvi maddələrin, baytarlıq preparatlarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrin aparılmasının təmin edilməsidir. Təqdim olunan nümunələr üzərində müayinələr beynəlxalq tələb və normalara uyğun olaraq aparılır. Laboratoriyada dünyanın qabaqcıl ölkələrinin laboratoriyalarında təcrübə keçmiş kimyaçılar, mikrobioloqlar, genetiklər və s. ixtisaslı yüksək peşəkarlığa malik mütəxəssislər fəaliyyət göstərir.
Hazırda Kompleks Tədqiqatlar Laboratoriyası müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təchiz olunmuş müxtəlif təyinatlı 6 bölmədən ibarətdir. Bu bölmələrdə istifadə edilən müasir avadanlıqlar qida məhsullarının, baytarlıq preparatlarının, aqrokimyəvi maddələrin, qida əlavələrinin və qablaşdırılma materiallarının qısa zamanda müayinəsini həyata keçirməyə imkan verir.
Ölkəmizdə ilk dəfə məhz Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında qablaşdırma materiallarına miqrasiya edən toksikoloji maddələrin miqdarının təyini, uşaq qidalarının, eləcə də qida məhsullarının tərkibində naməlum və ya kənar maddələrin identifikasiyası üçün ən müasir texnologiyalar tətbiq edilir.
Laboratoriyalarda baytarlıq preparatları və aqrokimyəvi maddələrin tərkibi və keyfiyyət göstəricilərinin müayinələri aparılır. Eyni zamanda qida məhsullarında aqrokimyəvi maddələr, preparatlar, vaksinlər və pestisidlərin qalıq miqdarının sınaqları beynəlxalq standartların tələblərinə uyğun olaraq yüksək dəqiqlik, həssaslıq və seçiciliklə həyata keçirilir.
Laboratoriyaların xidmətlərindən sahibkarlarla yanaşı vətəndaşlar da yararlana bilərlər. İstehlak etdiyi məhsulun tərkibi, keyfiyyəti və təhlükəsizliyi ilə bağlı şübhələri olan vətəndaşlar Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına müraciət edə bilərlər.
Orxan