Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mehriban Əliyevanın fəaliyyətində təhsilin inkişafına dair proqramların icrası mühüm yer tutur.



Newscenter.az.13.09.2019. Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın fəaliyyətində təhsilin inkişafına dair proqramların icrası mühüm yer tutur. Heydər Əliyev Fondunun təhsillə xüsusi diqqət ayırması, təhsi siyasətinə verilən dərin töhfə də məhz Mehriban Əliyevanın xidmətlərinin nəticəsidir. Onun bəyan etdiyi kimi müasir dünyada hər bir ölkənin inkişafı, dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir: “Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir".

Heydər Əliyev Fondunun Azərbaycanla məhdudlaşmır, Fond dünyada təhsilin inkişafına dəstək verməklə beynəlxalq donora çevrilib. Qlobal aləmdə Fondun rəhbəri Mehriban Əliyevanı elm və təhsil sahəsində humanizm çarçısı, xeyriyyəçilik və nəcib əməllər sahibi kimi tanıyırlar.

Fondun təhsillə bağlı xeyriyyəçiliyi ölkə hüdudlarını aşaraq geniş coğrafiyası əhatə etməkdədir. Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı problemlərinin həlli, Moskvada, Avropanın bir çox bölgələrində, Amsterdamda Azərbaycan məktəblərinin fəaliyyətə başlaması Mehriban xanımın fədakar əməyinin bəhrəsidir.

Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələdən dağılmış qızlar məktəbinin əvəzində onlar üçün yeni tədris binasının inşası uğurlu və önəmli layihələrdəndir. Fondun təşəbbüsü ilə Gürcüstanın Dmanisi rayonunda yeni kompüter tədris mərkəzinin binası inşa edilib, Gürcüstanın Marneuli şəhərindəki 7 nömrəli Azərbaycan ümumtəhsil məktəbi, Tbilisidəki M.F.Axundzadə adına 73 nömrəli orta məktəb, Qardabanidəki 3 nömrəli Azərbaycan məktəbi və Dmanisidəki 2 nömrəli Azərbaycan beynəlxalq orta məktəbi əsaslı təmir olunub. 2010-cu ildə Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbinin binası yenidən qurulmuşdur. 2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərində yeni məktəb binaları inşa edilib.

Fondun Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəbi yenidən inşa etməsi, ən zəruri avadanlıqlarla təmin etməsi dünyada bir örnək kimi qəbul edilir.

Heydər Əliyev Fondunun dəstəyi uzaq Asiya regionunu da əhatə etməklə təhsilə qlobal səviyyədə verdiyi əvəzsiz töhfələri təsdiqləyir. Vyetnamda inşa edilmiş ibtidai məktəbin istifadəyə verilməsi həmin regionda təhsil problemləri yaşayan yüzlərlə şagirdə ən böyük sevinc, hədiyyə olmuşdur. Bu xeyirxah missiya vyetnamlı uşaqların təhsil almaq imkanlarını əhəmiyyətli dərəcədə artırmışdır.

Bu cür layihələrin gerçəkləşməsi Heydər Əliyev Fondunun milli mənafelərə əsaslanan maarifçilik xəttini uğurla davam etdirdiyini, öz xoşməramlı missiyasi ilə Azərbaycanın və bəşəriyyətin gələcəyi üçün yüksək səviyyəli, intellektual kadrların yetişdirilməsinə xidmət etdiyini göstərir.

Vaqif Abdullayev, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü
Mehriban Əliyevanın fəaliyyətində təhsilin inkişafına dair proqramların icrası mühüm yer tutur.
Xəbəri paylaş