Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AmCham “Biznes mühitinin yaxşılaşdırılmasında rəqəmsal yanaşma” mövzusunda tədbir keçirdi



Newscenter.az.12.10.2019. Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) öz üzvləri üçün Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Katibliyinin rəhbəri cənab Vüsal Şıxəliyevin iştirakı ilə “Biznes mühitinin yaxşılaşdırılmasında rəqəmsal yanaşma” mövzusunda tədbir təşkil edib. Diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə AmCham-ın təxminən 100 üzvü və tərəfdaşı iştirak edib.

Newscenter.az xəbər verir ki, əvvəlcə AmCham-ın İcraçı direktoru xanım Natəvan Məmmədova tədbirin açılış nitqini söyləyərək qonaqları salamlayıb və keçirilən tədbirin əhəmiyyəti barədə danışıb. Daha sonra söz alan AmCham-ın prezidenti cənab Nuran Kərimov qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd xarici investorları təmsil edən AmCham vasitəsilə xarici investisiyalı şirkətlərin Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması prosesinə yaxından cəlb etmək və onların fəaliyyəti üçün yaradılan əlverişli imkanlar barədə məlumatları çatdırmaqdır. Ardınca N.Kərimov tədbirin xüsusi qonağı cənab Vüsal Şıxəliyevi iştirakçılara təqdim edərək onu tribunaya dəvət etmişdir.

Cənab Şıxəliyev ilk olaraq, biznes sektoru nümayəndələri ilə birbaşa görüş imkanına görə öz minnətdarlığını ifadə edərək, dəvət üçün AmCham-ın rəhbərliyinə və üzvlərinə öz təşəkkürünü bildirib. O, daha sonra biznes mühitinin yaxşılaşdırılmasında rəqəmsal yanaşmanın tətbiqi sahəsində görülən işlər və qarşıya qoyulan hədəflər barədə ətraflı çıxış edib. O vurğulayıb ki, biznes mühiti sahəsində yaranan praktiki məsələlərin vahid Platforma (Dövlət-Biznes Dialoqu) çərçivəsində həm dövlət qurumları, həm özəl sektor nümayəndələri, həm də biznes assosiasiyalarının iştirakı ilə müzakirə olunması və bu sahədə həll yollarının birgə işlənilməsi hazırkı mərhələdə çox mühüm əhəmiyyət kəsb edir. Vüsal Şıxəliyev bildirib ki, qeyd olunan Platforma üzrə hazırlanan təkmilləşmə layihələri və təkliflər gələcəkdə uğurla tətbiq olunmaqla yanaşı, bütün tərəflərin maraqlarının nəzərə alınmasına imkan verir.

V.Şıxəliyev həmçinin qeyd edib ki, biznes nümayəndələrinin həm qanunvericilik, həm də inzibatçılıq üzrə təkmilləşmə layihələrinin hazırlanmasında bilavasitə və yaxından iştirak etməsi həm onların təkliflərinin vaxtında nəzərə alınmasına, həm qeyd olunan layihələrin qəbuluna qabaqcadan hazırlıqların görülməsinə, həm də onlar tərəfindən biznes prosesinin proqnozlaşdırılmasına geniş imkanlar yaradır. Diqqətə çatdırılıb ki, bu məqsədlə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya daxilində investisiya mühitin təkmilləşdirilməsində maraqlı olan bütün tərəflərin rahatlıqla istifadə edə biləcəyi elektron kommunikasiya sistemi yaradılmışdır. Bu sistemin biznes islahatlarının hazırlanması, əlaqələndirilməsi və həyata keçirilməsi prosesinin institusionallaşdırılması və rəqəmsallaşdırılması, biznes islahatlarının hazırlanması və kommunikasiyası prosesinə biznes nümayəndələri, beynəlxalq və yerli ekspertlər dövlət-biznes dialoqu platforması çərçivəsində daimi və bərabərhüquqlu üzvlər kimi cəlb olunması və s. kimi bir sıra üstün cəhətləri vardır.

Tədbirin sonunda AmChamın rəhbərliyi və üzv şirkətlərin nümayəndələri ilə səmərəli müzakirə aparılmış və gələcək əməkdaşlıq istiqamətləri üzrə təkliflər səsləndirilmişdir.

Qeyd edək ki, AmCham Azərbaycan xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80 %-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.
Xəbəri paylaş