Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA-nın nümayəndə heyəti Monteneqro, Bosniya və Herseqovinada işgüzar səfərdə olub



Newscenter.az.14.10.2019. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ölkələr arasında qida təhlükəsizliyi, bitki sağlamlığı və baytarlıq sahələrində əməkdaşlığın genişləndirilməsi, habelə qida məhsullarının idxal və ixrac prosedurları ilə bağlı müzakirələrin aparılması məqsədi ilə oktyabrın 7-11-də Monteneqro, Bosniya və Herseqovinada işgüzar səfərdə olub.

Agentlikdən Newscenter.az-a bildirilib ki, səfər çərçivəsində Monteneqronun Qida Təhlükəsizliyi, Baytarlıq və Fitosanitar məsələlər Agentliyinin rəhbəri, xanım Vesna Dakoviç, Bosniya və Herseqovinanın Xarici Ticarət və İqtisadi Əlaqələr Nazirliyinin dövlət katibi Hambo Tinyak, eləcə də bu ölkənin Qida Təhlükəsizliyi Agentliyinin direktoru Djemil Hayriçin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilib.

Görüşlərdə son illər ölkəmizdə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar barədə geniş məlumat verən Agentliyin Sədr müavini Rüfət Rüstəmzadə əhalinin sağlam və təhlükəsiz qidalanması istiqamətində qarşıya qoyulan vəzifələrdən danışıb.

Heyvanların identifikasiyası və qeydiyyatı sistemi, subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, bitki mühafizəsi vasitələrinin qeydiyyatı, sınağı və izlənməsi, qalıq miqdarlarının müəyyən edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda sertifikatların qarşılıqlı tanınması, səlahiyyətli qurum və özəl laboratoriyalar arasında əməkdaşlığın qurulması, ixrac əməliyyatları üçün elektron sertfikatların verilməsi kimi vacib mövzuların müzakirə olunduğu ikitərəfli görüşlərdə gələcəkdə birgə təcrübə münadilələrinin həyata keçirilməsi ilə bağlı istiqamətlər müəyyən olunub.

Daha sonra nümayəndə heyəti Monteneqronun Podqoritsa şəhərində Qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar məsələlər idarəsinin, Ekotoksikoloji sınaqlar mərkəzinin, İxtisaslaşdırılmış baytarlıq laboratoriyasının fəaliyyəti ilə yaxından tanış olmuş və Nikşiç şəhərində yerləşən Qoranoviç ət müəssisəsinə baxış keçirmişlər.

Orxan
Xəbəri paylaş