Newscenter.az.14.10.2019. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirməsi istiqamətində silsilə tədbirlərini davam etdirir. Newscenter.az-a daxil olan məlumata görə, bu istiqamətdə növbəti görüş “Sağlam məktəbli” layihəsi çərçivəsində Abşeron rayonu Qobu qəsəbəsi 1 saylı tam orta məktəb, Salyan rayonu Aşıq Pənah adına 1 saylı məktəb-lisey və Gəncə şəhəri 27 saylı məktəb-liseyinin şagirdləri ilə keçirilib.
Tədbirdə şagirdlərə Agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib, onlara qida təhlükəsizliyi ilə bağlı hazırlanmış sosial videoçarxlar təqdim edilib. Daha sonra Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəblilərə enerji içkilərinin insan orqanizmində yaratdığı fəsadlar, quduzluq və ondan qorunma yolları, konservləşdirilmiş məhsulların düzgün saxlanma qaydaları, məktəblinin düzgün və sağlam qidalanması barədə ətraflı məlumat verilib.
Görüşdə məktəblilərə qida sahəsində hər hansı neqativ halla qarşılaşdıqda və ya sağlam qidalanma ilə bağlı onları maraqlandıran suallar yarandıqda Agentliyin 1003 “Çağrı Mərkəzi”nə müraciət etmələri bildirilib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara sağlam qidalanma ilə əlaqədar maarifləndirici materiallar paylanılıb.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin əsas məqsədi məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliği, eləcə də şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin bütün bölgələrdə keçirilməsi nəzərdə tutulub.
Orxan