Newscenter.az.28.11.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisəsində “Yaşıl həyət” layihəsi həyata keçirilir.
Newscenter.az-a İdarədən verilən məlumata görə, paytaxtdakı 166 nömrəli məktəb-liseydə təşkil olunan layihənin əsas məqsədi şagirdlərdə ətraf mühitin mühafizəsi, təbiətin qorunması, təbiətə qayğı hissinin gücləndirilməsi, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasından ibarətdir.
Cari tədris ili ərzində təhsil müəssisəsinin direktoru, müəllim, şagird və valideynlərindən ibarət “Gənc təbiətçilər” dərnəyinin üzvləri tərəfindən məktəb-liseyin həyətyanı sahəsində 200-dən artıq müxtəlif növ (Eldar şamı, tozağacı, vələs, badam, nar, heyva, alma, söyüd yapon əzgili və s.) ağac əkilib, bitkiyə aqrotexniki qulluq göstərilib.
Hava şəraiti əlverişli olan zaman mövzulara uyğun biologiya dərsləri məktəbin həyətində təşkil edilir.
Soyuq hava şəraitinə dözümsüz tinglərin qorunması məqsədilə “Gənc təbiətçilər” dərnəyinin üzvləri tərəfindən kiçik istixananın tikilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, 166 nömrəli məktəb-liseydə 2019-cu ilin sonunadək “Nəsimi ili” ilə əlaqədar 650 ağac və bəzək kolunun əkilməsi planlaşdırılır.
R.Mehdiyeva