
Ulu öndər Heydər Əliyevin 56 il əvvəl, iyulun 14-də Azərbaycana rəhbər gəldiyi gündən bu günədək Möhtərəm Adı bütün azərbaycanlıların xilaskarı, qoruyucusu kimi öz sehrini və ilahi gücünü qoruyub saxlamaqdadır.
Mən və mənimki yüz minlərlə indiki Ermənistana məxsus əzəli torpaqlarımız olan Göyçə, Zəngəzur, Zəngibasar, İrəvan mahalında doğulub, böyüyüb-başa çatan Qərbi Azərbaycanlılar daim Heydər Əliyevin Atalıq qayğısını hiss etmişik.
O, 250 mindən artıq Qərbi Azərbaycanlının, eləcə də Gürcüstanda yaşayan qədim mahalımız Borçalıdakı soydaşlarımızın arxa-dayağına, hamisinə çevrilmişdi,
Məhz Onun nüfuzu sayəsində həmin illərdə Ermənistanda Azərbaycan dilində orta məktəblərin sayı artmışdı, Azərbaycan dilində 155 məktəb mövcud idi ki, burada 50 mindən artıq azərbaycanlı şagird təhsil almışdır.
Təkcə mənim böyüyüb başa çatdığımız Basarkeçər rayonundakı 32 kəndin hər birində Azərbaycan dilində məktəb var idi.
O dövrdə Ermənistanda azərbaycançılığı və milli ruhu təcəssüm etdirən mədəni-elmi qurumlarımızın fəaliyyəti artmışdı.
Keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə oxumağa göndərilən minlərlə tələbənin sırasında da Qərbi Azərbaycan və Gürcüstanda yaşayan gənclərimiz xüsusi yer tuturdu.
Heydər Əliyev SSRİ Nazirlər Sovetində rəhbər vəzifədə işləyərkən də bizim qayğımızı çəkirdi, yüzlərlə istedadlı və bacarıqlı mütəxəssisə böyük etimad göstərərək müxtəlif vəzifələrə təyin edirdi.
Təəssüf ki, Ümummilli liderin rəhbər vəzifədən uzaqlaşdırılmasından sonra Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın deportasiyası başladı, azərbaycanlılar öz torpaqlarından çıxarıldı, Vəzirov, Mütəllibov hökumətii Azərbaycana pənah gətirənlərə üz çevirdi, minlərlə soydaşımız Azərbaycana yox, Rusiyanın və Orta Asiyanın müxtəlif yerlərinə səpələnməli oldu və neçə illər ağır günlər yaşadılar.
Onlar yalnız 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycana qayıdaraq sabit və firavan həyatlarını qurdular.
Onun bu arzusunu Prezident İlham Əliyev gerçəkləşdirdi və Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi.
Ali Baş Komandan Vətən müharibəsində qələbədən sonra Qərbi Azərbaycan məsələsini ali məqsəd kimi qarşıya qoyub.
Cənab Prezident 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan ziyalılarının bir qrup nümayəndəsi ilə görüşdə əmin etdi ki, biz Qarabağa, Şərqi Zəngəzura qayıtdığımız kimi Ermənistan ərazisindəki öz qədim ərazilərimizə də qayıdacağıq.
Əminəm ki, biz Göycəyə, Zəngəzura, Basarkeçərə də qayıdacağıq.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor