
Məlumdur ki, Prezident İlham Əliyev 4-cü Antalya Diplomatik Forumunda (11 aprel 2025-ci il) iştirak edərkən Əhməd Əl Şara ilə görüşmüş və onu ölkəmizə səfərə dəvət etmişdi. Ona görə də, Əhməd Əl Şaranın Azərbaycana səfəri gözlənilən idi.
Vətəndaş müharibəsi, xarici müdaxilələr, terror təşkilatlarının törətdiyi qanlı toqquşmalar Suriyanın iqtisadiyyatına ciddi zərbələr vurmuş, bu ölkəni ciddi dağıntılara məruz qoymuşdur. Hal-hazırda Suriyanın yenidən qurulmasına, siyasi və iqtisadi cəhətdən dirçəldilməsinə, regional münasibətlər sisteminə yenidən inteqrasiya edilməsinə ciddi ehtiyaclar vardır. Görünür Suriyanın yeni rəhbərliyi haqlı olaraq belə qənaətə gəlmişdir ki, Azərbaycan bu proseslərin həyata keçirilməsində, Türkiyə ilə yanaşı, lokomotiv rolunu oynaya bilər. Onlar haqlı olaraq hesab edirlər ki, güclü iqtisadiyyata, dünya enerji bazarında strateji oyunçuya çevrilən Azərbaycan, Suriyanın enerji sektorunun bərpasında real və səmərəli iştirakçı kimi çıxış edə bilər. Əhməd Əl Şaranın səfəri həm də, Azərbaycanın beynəlxaq nüfuzunun və iqtisadi gücünün atmasının bariz nümunəsi hesab edilə bilər. Hesab edirik ki, Azərbaycanın nəinki regionymyzda, eləcə də, beynəlxalq aləmdə mövqeyinin getdikcə güclənməsi, Suriyanın uzun illər davam edən izoliyasiyasını, qismən də olsa aradan qaldıra, bu ölkəni Qərb dövlətlərinin, eləcə də, İranın, təsirindən uzaq, eyni zamanda səmimi və qarşılıqlı faydaya əsaslanan bir müttəfiqlə əlaqələndirə, həm iqtisadi, həm də diplomatik baxımdan nəfəs almasına imkan və zəmin yarada bilər.
Əhməd Əl Şaranın Azərbaycana səfərinin bəzi ölkələrdə, xüsusilə də, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin müstəqil siyasətini həzm edə bilməyən İranda və Rusiyada qıcıq və qısqanclıq yaradacağı gözlənilən idi. Sözdə bir-birinin daxili işlərinə qarışmamaqdan, mehriban qonşuluqdan, “strateji tərəfdaşlıqdan” bəhs edənlərə xatırlatma:cənablar Azərbaycan dövləti müstəqil siyasətini həyata keçirərkən heç bir dövlətin daxili işlərinə qarışmır, onun daxili işlərinə qarışmağa cəhd edənlərə isə layiqli cavablarını verməyə qadirdir!
Teyyub Qənioğlu, siyasi şərhçi