Newscenter.az.14.06.2020. Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə Nazirliyinin Aparat rəhbəri Saada xanım Süleyman COVID-19 xəstələrinin müalicəsində göstərdiyi fədakarlığa görə Əbu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən təşəkkür məktubu və fəxri mükafatla təltif olunub.
Bu barədə məlumatı Newscenter.az-a Saada Süleymanın bacısı, Əbu-Dabi Universitetinin Beynəlxalq əlaqələr kafedrasının müəllimi olan şərqşünas, elmi-araşdırmaçı, tədqiqatçı Şahrizad Süleyman verib.
Bildirilib ki, vəliəhd tərəfindən Saada Süleymana göndərilən təşəkkür məktubunda həmyerlimizin insanların həyatının xilasında xidmətlərinin tarixdə qalacağı və heç bir vaxt unudulmayacağı qeyd olunub.
Qeyd edək ki, Bakıda anadan olan Saada Süleyman kiçik yaşlarından valideynləri ilə bərabər, BƏƏ-yə köçüb, burada universitetin tibb fakültəsini bitirib. O, Dubay Beynəlxalq Aeroportunda və Əbu-Dabi Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışıb. Həmyerlimiz BƏƏ Prezidentinin anası Şeyxə Fatma bint Mübarəkin təsis etdiyi “əl-mar-a imaratiyə” - “BƏƏ qadını” fəxri adına, eləcə də BƏƏ Prezidenti Şeyx Xəlifə bin Zayed Əl-Nəhyanın əmri ilə “İlin ən fəal ictimai qadını” tituluna layiq görülüb.
Anar