Newscenter.az.4.07.2020. “Bu gün Azərbaycan dünyada yüksək nüfuza sahib olan dövlət kimi tanınır. Azərbaycanın xarici siyasətində dünya dövlətləri ilə bərabərhüquqlu faydalı münasibətlər mühüm yer tutur. O cümlədən ölkəmiz beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq əlaqələri qurur”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib, dünyada söz sahibi olan dövlətə çevrilib. Təsadüfi deyil ki, Azərbaycan regional və qlobal əhəmiyyətli enerji, eləcə də nəqliyyat layihələrinin müəllifi və təşəbbüskarıdır. Məhz bu layihələr regionun inkişafında vacib rol oynayır, həmçinin Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir.
Millət vəkilinin sözlərinə görə, xarici siyasətimizdə üçtərəfli görüş formatı artıq ənənəyə çevrilib. Belə ki, həm dövlət başçıları, həm də nazirlər səviyyəsində vaxtaşırı olaraq bu tipli görüşlər keçirilir. S.Fətəliyeva qeyd edib ki, iyulun 2-də Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə keçirilən görüşü də hazırkı şəraitdə böyük önəm kəsb edir:
“Görüşdə bir sıra aktual mövzular müzakirə olunub. Videkonfrans formatında keçirilən görüş zamanı Əfqanıstan Prezidenti Azərbaycanın regionda və dünyada oynadığı rolu, dövlətimizin başçısı İlham Əliyevin təşəbbüslərini, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafında rolunu, həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Görüşdə Prezident İlham Əliyev Azərbaycanı Əfqanıstan və Türkmənistan ilə sıx dostluq və qardaşlıq əlaqələri birləşdirdiyini bildirib. Dövlət başçıları səviyyəsində həyata keçirilmiş çoxsaylı qarşılıqlı səfərlər, beynəlxalq tədbirlər çərçivəsindəki görüşlər bu əlaqələrin inkişafına mühüm töhfə verib. Azərbaycanın Əfqanıstan və Türkmənistan ilə çoxtərəfli formatda da səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını daim dəstəkləyirlər”.
S.Fətəliyeva həmçinin söyləyib ki, Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin mərkəzində yerləşməsi onun beynəlxalq miqyasda önəmini daha da artırır. Onun sözlərinə görə, Asiyadan gələn yüklərin Azərbaycan ərazisindən keçərək Avropa daşınması və əks istiqamətdən daşınmalar ölkələr üçün çox əlverişlidir. Həm Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyəti, həm də Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi imkanları daha da genişləndirir. Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan Əfqanıstan və Türkmənistanla əməkdaşlığı daha da inkişaf edirib.
“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilib. Bu amil ölkəmizin iqtisadi potensialını gücləndirməklə yanaşı, siyasi dividentlər də qazandırır”-deyə, millət vəkili vurğulayıb.