Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Partiya sədri: "Bu bir sarsılmaz həqiqətdir ki, xalqla dövlətin arasında kimsə sədd ola bilməz"



Newscenter.az.16.07.2020. İşğalçı Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədimizin Tovuz istiqamətində törətdiyi son təxribatları ilk növbədə düşmənin özü üçün ağır nəticələrə səbəb oldu. Belə ki, düşmənin ağır hərbi texnikaları, istehkamları, müdafiə qurğuları ordumuz tərəfindən darmadağın edildi. Erməni silahlı qüvvələri 100 nəfərdən çox əsgər və zabitini itirərək geri çəkilməli oldu. Eyni zamanda Ermənistanın beynəlxalq imicinə ciddi zərbə dəydi.

Təəssüflə qeyd etməliyik ki, bu ağır döyüşlər zamanı ordumuz da itkilərlə üzləşdi. General-mayor Polad Həşimov başda olmaqla 11 zabitimiz və əsgərimiz şəhidlik zirvəsinə ucaldılar. General Həşimovun bu döyüş əməliyyatları zamanı şəhid olması hər birimizi məyus etsə də, lakin eyni zamanda hamımızın onunla qürur duymağımıza vəsilə oldu. Şəhid general əsgərlərin yanında, döyüşün lap ön mövqeyində olmağıyla tarix yazdı. Bu həm də Azərbaycan generallarının erməni generallarından fərqini ortaya qoydu. Haqq işi uğrunda, öz torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Polad Həşimovun bu nümunəsi onu göstərdi ki, Azərbaycan generalları əsgərlərlə birgə ön cəbhədə birbaşa döyüşlərdə Vətəni birlikdə, çiyin-çiyinə qoruyurlar. Belə zabitlərimizlə gerçəkdən də qürur duymağa dəyər. Allah hərbçilərimizə rəhmət eləsin. İnşAllah şəhidlərin qanı yerdə qalmayacaq.

Heç kimə sirr deyil ki, bu gün Ermənistan özünü sivil ölkə kimi, adekvat dövlət kimi yox, daha çox terrorçu təşkilat kimi aparır. Sərhəd rayonlarımızda mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni terrorizminin və vandalizminin bariz nümunəsidir. Məhz Ermənistanın son günlər dövlət səviyyəsində nümayiş etdirdiyi terrorizm nəticəsində Azərbaycanın Tovuz rayonu istiqamətində açılan artilleriya atəşi ilə Ağdam kəndinin sakini, 76 yaşlı Əzizov Əziz İzzət oğlu həlak olub. Mülki əhalini ağır silahlardan atəşə tutmaq, silahsız qocaları qətlə yetirmək heç bir insanlıq normalarına sığmır. Bu dərəcədə faşizm və barbarlıq nümayiş etdirmək beynəlxalq konvensiyalara da tamamilə ziddir. Düşmənin mülki vətəndaşlarımızı hədəfə alması heç də təsadüfi deyil. Ermənistan tərəfi bilərəkdən artilleriya qurğularını mülki insanların yaşadığı kəndlərin yaxınlığına yerləşdirib ki, Azərbaycan ordusu cavab atəşi açdıqda, dərhal bütün dünyaya bunu mülki obyektlərin Azərbaycan tərəfindən hədəf götürülməsi kimi təqdim etsin. Bu da bir erməni xislətinin iyrənc təzahür formasıdır. Bu ölkənin hakimiyyəti də bütün ermənilər kimi xəstə təfəkkür daşıyıcısıdır.

Ancaq bu kimi hiyləgər üsullar və saxtakarlıqlar nə Paşinyan iqtidarını, nədəki Ermənistanın millətçi-faşist ovqatına köklənmiş cəmiyyətini labüd məğlubiyyətdən xilas edə bilməyəcək. Çünki bu gün onların çox güvəndikləri Ermənistan ordusunda ruh düşkünlüyü çox yüksəkdir. Əksər erməni zabitləri və əsgərləri döyüşməkdən imtina edib, qaçmaq istəyirlər. Lakin onlar polislər və hərbi patrullar tərəfindən məcburən saxlanılır və həbs edilirlər. Bunu erməni ordusundakı təlaşı, nəzarətsizliyi əks etdirən onlarla videoların yayılması da təsdiqləyir. Bu kimi videoları təkcə sadə ermənilər deyil, zabitlər özləri də yayırlar; Bu görüntüləri hər kəs internet üzərindən izləyib Ermənistan ordusunda hökm sürən psixoloji çöküşün şahidi ola bilər.


Lakin Azərbaycan ordusunda isə durum tam fərqlidir. Bizim zabitlərimiz də, sıravi əsgərlərimiz də düşməndən yüksək döyüş əhval-ruhiyyəsi və Qələbə əzmi ilə fərqlənirlər. Son döyüşlər də bir daha göstərdi ki, hər bir hərbçimiz ölkə sərhədlərini qorumağa və düşmənə layiqli cavab verməyə hazırdır. Erməniləri ciddi şəkildə narahat edən və qorxu altında saxlayan başlıca amil də elə budur. Erməni generalları dərk edirlər ki, bu gün onların qarşısında dayanan qüvvə artıq 90-cı illərin pərakəndə könüllü döyüş dəstələri deyil, yüksək hazırlıqlı nizami ordudur. Zənnimcə, Paşinyan da gördü və əmin oldu ki, güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. 2016-cı ilin Aprel döyüşlərində Serj Sərkisyan da bunun şahidi olmuşdu. Lakin Paşinyan öz sələfinin acı aqibətindən dərs çıxarmaq əvəzinə, əksinə, eyni səhvi təkrarladı. Bizim Silahlı Qüvvələrimiz adekvat cavab tədbirləri və döyüş hazırlığı ilə Ermənistanın baş nazirinin bütün planlarını alt-üst etdi. Hazırda Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr də bunu bir daha təsdiq edir.

Cəmiyyətimiz də ordumuz kimi yüksək döyüş və həmrəylik notlarına köklənib. Biz bunu ötən gecə baş tutan Orduya dəstək yürüşündən də hiss etdik, gördük. Minlərlə insan paytaxtımızın müxtəlif ərazilərində Azərbaycan ordusuna, Ali Baş Komandanımıza, dövlətə dəstəyini ifadə edərək əllərində Azərbaycan bayrağı, ölkəmizin himnini oxuyaraq “Qarabağ!”, “Orduya dəstək!” “Ali Baş Komandan, silah ver bizə!”, ”İrəli, irəli, Azərbaycan əsgəri!”, ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarları səsləndirirdilər. Dəstək aksiyaları həmçinin Xırdalanda, Sumqayıtda və ölkəmizin digər şəhər və bölgələrində də keçirildi. Bu onu göstərir ki, Azərbaycan xalqının döyüş ruhu yüksəkdir. Xalq-Ordu vəhdəti sarsılmazdır. Xalq dövlət başçısının siyasətini dəstəkləyir.

Mən vətənpərvər gənclərimizin böyük bir coşğu ilə ordumuza dəstək yürüşünə çıxmalarını, Ali Baş Komandandan onları döyüşə göndərməsini istəmələrini əks etdirən kadrları izləyəndə inanın ki, çox duyğulandım, qürur duydum. Xalqın əsgər və zabitlərimizə səmimi və planlaşdırılmamış dəstəyini göstərən bu yürüşü əminəm ki, hərbçilərimiz də izləyiblər. Bu gün səngərlərdə düşmənlə üz-üzə duran hərbçilərimiz bir daha hiss etdilər ki, xalq onların arxasında dayanıb və insanlarımız ordumuzu sevir, ordumuzla qürur duyur. Bu olduqca qüvvətli psixoloji amildir.

Ancaq bir qrup insanın yaranmış vəziyyətdən başqa məqsədlər üçün istifadə etməyə çalışmaqları heç də xoş olmadı. Onlar orduya dəstək mitinqinin mahiyyətindən uzaqlaşaraq süni surətdə iğtişaş yaratmağa çalışdılar. Qanunsuzluğa yol verərək zorla Milli Məclisin binasına daxil oldular. Bu təxribatçılar hətta jurnalistlərə də zorakılıq edirdilər. Milli Məclisin foyesində “Allahu-Əkbər” şüarları qışqıran bu təxribatçılar vətənpərvərlik, orduya və dövlətə dəstək aksiyasının istiqamətini dəyişməyə cəhd göstərdilər. Ancaq onların qanunazidd əməllər törətmələri dünən gecə baş tutan möhtəşəm yürüşə kölgə sala bilməz. Çünki xalqımız və polislərimiz onlara bu fürsəti vermədi. Xalqımız və polislərimiz “beşinci kolon”un pozuculuq niyyətlərinin gerçəkləşdirilməsinə mane oldu.

Bu bir sarsılmaz həqiqətdir ki, xalqla dövlətin arasında kimsə sədd ola bilməz. Biz dünyaya dövlətlə xalqın birliyini, ordu ilə cəmiyyətin həmrəyliyini nümayiş etdirə bilirik. Axşamkı hadisəni törədən təxribatçı ünsürlər isə əminəm ki, tezliklə qanun qarşısına çıxarılacaq və cəzalarını alacaqlar. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifahı bir ovuc ünsürün pozucu niyyətlərinə qurban verə bilmərik. Onların nazıyla oynaya bilmərik. Əldə etdiyimiz bu böyük nailiyyətləri hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. Buna görə də istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Bu gün ölkədəki sabitliyin və milli təhlükəsizliyimizin qorunması hər birimizdən asılıdır.

Bu arada siyasi partiyaların nümayiş etdirdiyi həmrəylik mövqeyini də olduqca təqdirəlayiq hal kimi qiymətləndirirəm. Sərhədimizin Tovuz istiqamətində düşmənin törətdiyi son təxribatla əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair bəyanatı belə bir kritik məqamda Ali Baş Komandana açıq dəstəyin təzahürüdür. Bu mənada istərdim ki, sözügedən bəyanatın mətni ilə hər kəs tanış olsun. Bəyanatda deyilir:
“Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik”.

Bu bəyanat Azərbaycanın siyasi tarixinə qızıl hərflərlə yazıla biləcək hadisələrdən biridir. Çox şadam ki, bu bəyanatın altındakı imzaların içində mənim də imzam var. Hesab edirəm ki, siyasi partiyaların belə bir həssas dönəmdə birlik və bərabərlik nümayiş etdirmələri, onların xalqın və Ali Baş Komandanın yanında olmaları əslində hər kəsə nümunə olmalıdır. Biz hamımız təxribatçı qüvvələrin, “beşinci kolon”un vəziyyəti gərginləşdirməyə çalışmasının qarşısını birlikdə almağa çalışmalıyıq.

Bu da sevindirici haldır ki, dünyanın bütün mütərəqqi qüvvələri, əksər beynəlxalq təşkilatlar bizim haqq mövqeyimizi dəstəkləyirlər. Bütün beynəlxalq təşkilatlar birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan isə KTMT-ni münaqişəyə cəlb etməklə dəstək qazanmağa çalışsa da, lakin bu məqsədinə nail ola bilmədi. Rəsmi İrəvanın gözləntilərinin əksinə olaraq KTMT və üzv dövlətlər bu məsələdə olduqca təmkinli davrandılar və tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırdılar. Bu isə Ermənistan rəhbərliyinə əsl şok yaşatdı. Paşinyan da, erməni xalqı da əmin oldu ki, Azərbaycanın KTMT-də müttəfiqləri daha çoxdur və Ermənistanın bundan sonra KTMT-dən heç vaxt ciddi gözləntiləri olmamalıdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının belə bir mövqe tutması rəsmi İrəvan üçün həm siyasi, həm də hərbi müstəvidə ağır məğlubiyyət sayılır.

İndi biz ona çalışmalıyıq ki, Ermənistanın davakar rəhbərliyi ATƏT-in Minsk qrupu həmsədr dövlətlərindən də, BMT və Avropa Birliyindən də, aidiyyəti üzrə digər beynəlxalq təşkilatlardan da eyni sarsıdıcı reaksiyanı və zərbəni alsın. Atəşkəs rejimini kobud surətdə pozmasına görə, mülki əhalimizi ağır silahlardan bombalamasına görə Ermənistana qarşı ciddi təzyiq edilməlidir. Adıçəkilən təşkilatlar Ermənistanı dərhal atəşkəs rejiminə əməl etməyə məcbur etməli, erməni hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə görə bu ölkəyə sanksiyalar tətbiq etməlidirlər. Biz bütün beynəlxalq təşkilatları ədalətli qərarlar qəbul etməyə və dünyanı yeni faşizm meylləri ilə təhdid edən təcavüzkar Ermənistanı sanksiyalarla cəzalandırmağa çağırırıq!

Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş