Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tovuz rayonunda bərpa işləri uğurla davam etməkdədir



Newscenter.az.27.07.2020. Bildiyimiz kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl atmış, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtmək məqsədilə iri çaplı silahlardan və ağır artilleriya atəşindən istifadə edərək cəbhə xətti ilə yanaşı, yaşayış məntəqələrimizi və dinc əhalini də hədəfə almışlar. Nəticədə həmin ərazidə yaşayan mülki əhaliyə, dövlət əmlakına və ümumilikdə infrastruktura ciddi ziyan dəyib.

Azərbaycanın və ümumilikdə bütün dünyanın COVİD-19 koronavirusu ilə mübarizə apardığı bir vaxtda, yaranmış mürəkkəb iqtisadi vəziyyətə, dövlət büdcəsindən pandemiyanın zərbə vurduğu sahələrə və vətəndaşlara maliyyə yardımı edilməsinə baxmayaraq, Cənab Prezident bir daha öz humanistliyini ortaya qoyaraq dərhal Tovuz rayonunda qısa müharibə nəticəsində ziyan görmüş infrastrukturun təmir və bərpa olunması istiqamətində müvafiq tapşırıq verdi. Dəymiş ziyanın çevik və operativ qaydada aradan qaldırılması üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən Sərəncam imzalanmış, Sərəncama əsasən iş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılıb.

İlkin mərhələdə hərbi əməliyyatlar nəticəsində zərərə uğramış mülki əhali, onların əmlaklarının, dövlət infrastrukturlarının vəziyyətinin yerində araşdırılıb, qiymətləndirilməsi və tez bir müddətdə Tadbirər Planının hazırlanması istiqamətində yuxarıda qeyd etdiyim nazirliklər tərəfindən mütəxəssislərin cəlb olunduğu İşçi Qrupu yaradılaraq Tovuz rayonuna ezam olunublar. Ekspertlərin qiymətləndirmələrinə əsasən güclü atəş nəticəsində Tovuz rayonunun 6 kəndinə, kənd sakinlərinə məxsus 35 evə, qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturu kimi dövlət əmlakına da ciddi ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşanların, Vətən uğrunda çəkinmədən canını fəda edən şəhid hərbi qulluqçularımızın ailələrinin sosial müdafiəsi ilə bağlı işlər ciddi dövlət nəzarətinə alınmışdır.

Belə ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilib, döyüşlərdə şəhid olan 12 hərbçilərimizin ailələri Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondunun nəzarətinə götürülmüşdür.

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan Ermənistanın dağıdıcı siyasətinin əksinə, iqtisadi, sosial inkişafa hər zaman önəm verir. Buna misal kimi 2016-cı il aprel döyüşlərindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işləri vurğulamaq olar. Kəndin infrastrukturu bərpa edilməklə yanaşı, yem emalı müəssisəsi, istixanalar, arıçılıq təsərrüfatları, inkubator məntəqəsi tikilib və istifadəyə verilib. Əlavə olaraq aprel döyüşləri zamanı Ağdam və Tərtər rayonlarının mülki əhalisinə və infrastrukturuna dəyən ziyana görə dövlət büdcəsindən hər bir rayon üçün 3 mln manat vəsait ayrılıb.

Bir daha qeyd edim ki, bərpa və yardım işləri ilə bağlı bütün proseslər birbaşa olaraq ölkə başçısının şəxsi nəzarətindədir, Tovuz rayonuna, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq. Vətənpərvər xalqımız, qəhraman hərbçilərimiz bilməlidirlər ki, onların arxasında güclü, qüdrətli və sarsılmaz Azərbaycan dövləti dayanıb.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Xəbəri paylaş