Newscenter.az.5.08.2020. “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının I Ümumrespublika Veb Forumuna start verilib.
Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən daxil olan məlumata görə, onlayn formatda keçirilən forumun əsas məqsədi ölkəmizin hərtərəfli və davamlı inkişafı istiqamətində könüllülərin fəaliyyətini, xüsusi karantin rejimi müddətində koronavirus infeksiyasının geniş yayılmasına qarşı həyata keçirilən tədbirlərdə fəal iştirakını müzakirə etmək, gənclərin aqrar sahəyə marağını daha da artırmaq, onların fərdi inkişafı və vaxtlarının səmərəli təşkilinə dəstək olmaqdır.
Forumun açılış mərasimində çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aqrar sahənin inkişafı yeni mərhələyə qədəm qoyub. Nazir qeyd edib ki, dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq aqrar sahənin inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Könüllülük hərəkatının inkişafına dövlət dəstəyinin gənclərin bu sahəyə marağını daha da artırdığını deyən nazir İnam Kərimov ölkədə müxtəlif sahələr üzrə könüllülük təşkilatlarının təsis olunmasını, könüllülük təşkilatlarının fəaliyyətlərinin birgə koordinasiya edilməsini müsbət hal adlandırıb.
Nazir bildirib ki, Aqrar İnkişaf Könüllüləri müxtəlif bölgələrdə məktəblilər arasında maarifləndirmə işləri aparır, gənclər arasında aqrar təhsilə marağı artırmağa çalışır: “Son iki ildə Aqrar İnkişaf Könüllüləri 40-dək layihə həyata keçirib. Bu layihələr gənclərin kənd təsərrüfatının müxtəlif sahələrinə marağını artırır, aqrar sektorun dinamik inkişafını təmin edəcək kadr potensialının formalaşmasına təsir göstərir”.
Nazir İnam Kərimiov çıxışının sonunda forumun işinə uğurlar arzulayıb.
Daha sonra forum panel müzakirələrlə davam etdirilib. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov “Aqrar təhsilin əhəmiyyəti”, FAO-Azərbaycan tərəfdaşlıq proqramının rəhbəri Namiq Məmmədov “Ərzaq təhlükəsizliyi”, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə “Aqrar sahədə məlumat bazası” mövzuları üzrə məruzə ilə çıxış ediblər.
Qeyd edək ki, “Aqrar İnkişaf Könüllülər” Təşkilatının I Ümumrespublika Veb Forumu 3 gün davam edəcək. Növbəti günlərdə forumda Aqrar Kredit və inkişaf Agentliyinin sədri Mirzə Əliyev “Aqrar sahədə maliyyə mexanizmləri”, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini “Aqrar innovasiyalar”, Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov “Aqrar sahədə həmkarlar təşkilatının fəaliyyəti”, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Paşayev “Aqrar sahədə insan resurslarının idarəedilməsi”, Aqrar Tədqiqatlar Mərkəzinin Tədqiqatlar departamentinin müdir müavini Pərviz Əliyev “Aqrar iqtisadiyyat”, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Muradlı isə “Gənc menecerlərin aqrar sahəyə cəlbi” mövzusunda çıxış edəcəklər.
Orxan