Newscenter.az.5.08.2020. Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Prokurorluq da Nazirlər Kabineti yanında Operativ Qərargahla əlaqəli şəkildə qarşıya qoyulan vəzifələrin icrasında müntəzəm surətdə iştirak edir.
Bu barədə avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində qeyd olunub.
Ötən dövr ərzində Şirvan və Naftalan şəhərlərində, Yevlax, Masallı, Goranboy, Hacıqabul, Göygöl və digər rayonlarda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması tədbirlərinə zidd olaraq qanunsuz hərəkətlərə, aztəminatlı ailələrə ayrılmış yardım paylarının mənimsənilməsi, təyinatından kənar və ya ədalətsiz bölüşdürülməsi, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin və müalicə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən xüsusi karantin rejimində sərbəst hərəkət hüququ verən cəmi 802 arayışın, tibbi göndəriş vərəqələrinin verilməsi, koronavirus xəstəliyinə tutulmuş şəxslər və digərləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarının pozulması, xuliqanlıq, hakimiyyət nümayəndələrinə müqavimət göstərilməsi və sair əməllərə yol verən şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə prokurorluq orqanlarında 32, daxili işlər orqanlarında isə 30 olmaqla cəmi 62 cinayət işi başlanaraq, 45 nəfər barəsində həbs, 6 nəfər barəsində polisin nəzarəti altına vermə, 2 nəfər barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilmiş, 13 nəfər barəsində 7 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, 1 iş üzrə 3 şəxs barəsində ittiham hökmü çıxarılıb.
Həmçinin, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan şəxslərə qarşı inzibati xətalar haqqında işlər üzrə icraatlar başlanmaqla, qanunsuz olaraq toplantılar keçirmə, 8103 qısa SMS xidmətinə müraciət etmədən icazəsiz yaşayış yerlərini tərk etmə və digər pozuntulara yol verdiklərinə görə rayon (şəhər) məhkəmələrinin qərarları ilə 7 nəfər barəsində uzunmüddətli inzibati həbs və cərimə tənbehləri seçilib.