Newscenter.az.5.11.2020. Qalib ordumuz erməni işğalı altında olan yaşayış məskənlərimizi bir-birinin ardınca azad edir. Torpaqlarımızın ana vətənə qovuşması ilə paralel olaraq dünya ermənilərinin daha bir mifi – “Artsax” tarixin uzaq küncünə atılır. Azərbaycan əsgəri Ermənistanın dünyada əzəli ərazimiz olan Qarabağı “qədim erməni torpağı Artsax” kimi təqdim və qəbul etdirmə planın üstündən xətt çəkir. Hərçənd, “artsax” toponiminin özü də türkmənşəlidir və ermənilərə, erməni dilinə heç bir aidiyyatı yoxdur. Bu barədə daha ətraflı məlumatı tarixçi Türkan İlqarın hazırladığı maraqlı materialdan əldə edə bilərsiniz.
Azərbaycanın qədim dövlətlərindən olan və e.ə. IV əsrdən eramızın VIII əsrinin sonunadək tarix səhnəsində yaşayan Albaniyanın Kür çayından cənubdakı ərazisi dörd vilayətə – Arsax, Uti, Paytakaran və Sünikə bölünüb. Albaniya I – VI əsrlərdə Arşagirdlərin, VI – VIII əsrlərdə isə Mehranilərin hakimiyyəti altında olub. IX əsrdə isə ərəblər Mehranilərin hakimiyyətinə son qoyaraq, Arsaxı – Qarabağı xilafətin tərkibinə daxil ediblər. Ərəb işğalından sonra əsasən düzənlikdə yerləşən Uti “Arran”, Arsax isə “Agvan” adlandırılıb.
E.ə. II əsrdən etibarən indiki Qarabağ ərazisi və ondan cənubda olan (Cənubi Azərbaycan) bəzi ərazilər Arsak adlanırdı. Sonradan Qarabağ toponiminin işlədilməsi "Arsak” sözünü sıxışdırdı. Lakin hələ də "Qarabağ” sözü ilə paralel olaraq işlənilməkdədir. Arsax (antik mənbələrdə Orxistana) vilayəti sağ sahil Albaniyasının (Hazırda Qarabağın dağlıq hissəsi və Mil düzü) əyalətlərindən biri idi. 12 xırda inzibati vahidə bölünmüşdü. Arsak əhalisini albanlar, qarqarlar, hunlar, xəzərlər, barsillər təşkil edirdi.
VIII əsrin əvvəllərindən etibarən Albaniya katalikosluğunun yerləşdiyi ərazi - Qarabağın dağlıq hissəsi knyazlıq, hökmranlıq mənasında "Arşax" və ya "Arsak" adlanmışdır. Bu isə təsadüfi deyil, çünki Albaniyada I əsrin ortalarında hakimiyyətə gəlmiş çar I Vaçaqanın nəslindən olan Arşakilər sülaləsinin hökmdarları "arşax", VI əsrdən VIII əsrin əvvəlinədək hakimiyyətdə olmuş Mehranilər sülaləsinin hökmdarları isə "aranşax" adlanmışdır. Alban dövlətinin süqutundan sonra (705) patriarxlığın mərkəzi Arsaxa keçir: “Mənbələrdə də Arsax “möhkəmləndirilmiş vilayət”, “möhkəm ölkə” kimi adlandırılıb. İlk orta əsrlərdə erməni tarixçilərinin əsərlərində bu ifadə “Artsax” kimi verilib.
Arsaqların türk olduqları çox üzdə olan bir məsələdir. Dədə Qorqud “Oğuznamə”sinə görə, “Arsaqlar 24 Oğuz boyunun sol qolunu təşkil edən Üçokların Göy Alp (Göy xan) oğlu Bayandur boyundandırlar. Böyük Arsaqların üç bəyliyi sayılan Kiçik Arsaqlar (Arşakuni) qolu isə 24 Oğuz boyunun sol qoluna mənsub üçokların Dağ Alp (Dağxan) oğlu Salğır (Salvur) boyundan və Qazan xan sülaləsindən hesab olunurlar.
Məşhur folklorşünasımız Mirəli Seyidov təsdiq edir ki, "sak/saq" sözü "ox" mənasındadır. Hay-erməni tarixinin atası hesab edilən M.Xorenski yazırdı ki, "Sisak məharətli oxçudur və öz adı ilə ölkəsini Sünik adlandırır, lakin farslar ona daha dəqiq Si-sakan deyirlər". Burada "sak" - ox, oxun ucu deməkdirsə, "Siyuni/Siuni" də qədim ermənicə həmin məna verir. Lakin farsca "Sisakan" sözü "Si" ("si") - (üç, ortafars dilində), birgə "Üç ox" mənasına gəlir. Bu isə bildiyimiz kimi, türk-oğuz qəbilələrin adları idi – “üç ox”, “doqquz ox”, “boz ox”. Azərbaycanca “Şəmşədil” gürcü sözü “Şamşvilde” – “Şamişolda” orta əsrlərdən bəri "üç ox" mənasında işlənilir. Qədim Mesopotamiya mixi yazılarında "sak/saq" həmin mənanı saxlayaraq, "rəhbər", "başçı" kimi də başa düşülürdü. Beləliklə, "sak/saq"ı “ox” mənasında qəbul etdiyimiz halda "Ərsak/Ər-saq" - "ox daşıyan döyüşçü" kimi açıla bilər.
"Ar" qədim Türk dilində işlədilən bir kəlmədir ki, indi də Azərbaycan türkçəsi ilə yanaşı, digər türk dillərində də "ər" formasında istifadə olunur. “Sak” isə qədim türk mənşəli tayfadır və bu tayfanın bir qolunun Azərbaycanda yaşadığı tarixdən məlumdur.
Daha dəqiq “Ar” “ər”in fonetik cəhətdən dəyişməsinin, ahəng qanununun tələbi ilə “sak” sözünə uyğunlaşmasının nəticəsidir. Ər sözü qədim dilimizdə igid, cəngavər, qonaq mənalarında olub. Beləliklə, həmin ərazidə yerləşmiş sak tayfası öz cəngavərliyi ilə səciyyələndiyi üçün bu yer Ərsak-Arsak adlanmışdır.
"Sak/Saq" sözü M.Qaşqarlının "Qədim türk lüğəti"nə, G.Canson "An Etymological Dictionary" görə, "ayıq", "sayıq", "qoçaq" mənasında işlənilir və bununla "Ərsak/Ərsaq" ayıq, sayıq döyüşçü (ər), yəni "nəyisə qorumaq qabiliyyətli döyüşçü (ər)" mənasını verir. Türklər ayıq-sayıq qoçağı "sak ər" adlandırırdılar və Ərsak onun inversiya formasıdır. Beləliklə, "Ərsak" adı - "ayıq-sayıq döyüşçülər" və ya "saka döyüşçüsü" deməkdir.
Gəncəli Kirakosun verdiyi məlumata görə, Həsən Cəlalın atası Vaxtanqın başqa adı H`Akbaq olmuşdur [Киракос Гандзакеци. История Армении. http://www.vostlit.info/Texts/rus8/Gandzakeci/framevved.htm].
Əslində, Vaxtanq Xaçın knyazının xristian adı, H`Akbaq, yəni Ağbaq etnik adı idi. Ərəblər Azərbaycanı işğal edəndə Aran mənşəli Baq əhalisi iki yerə bölündü. Baqların özünü Qarabaq adlandıran qanadı İslam dinini qəbul edib, ölkənin düzənlik ərazilərində yaşamaqda davam etdi.
Ağbaqlar xristian olaraq qaldılar və ağır vergilərdən can qurtarmaq üçün Kiçik Qafqazın dağlıq və meşəlik ərazilərinə çəkildilər. Səlcuqların Azərbaycana gəlişindən sonrakı dövrdə Arsak adı dəyişdirilərək Qarabağ adlandırılıb. Ümumilikdə, orta əsrlərin ikinci dövründən etibarən bu torpaqlar Arsak deyil, Qarabağ kimi adlandırılmışdır.
Maraqlıdır ki, yerin bugünkü adı Qarabağ da iki qədim sözdən ibarətdir: yenə baq qədim türk tayfasıdır, qara isə dilimizin keçmişində “böyük” mənasında işlənib. Deməli, baqlar əhəmiyyətcə çox və nüfuzca böyük olduğundan “qara baqlar” adlanmışlar. Bu ərazidə ərsaklarla qarabaqlar birləşmiş, qarabaqlar üstünlük təşkil etdiyi üçün yer onların adı ilə adlanmağa başlamışdır. Yəqin, burada o cəhətin də rolu olub ki, arsak sözü arxaikləşmiş, insanlar qarabaq sözünü bugünkü anlayışda mənalandırmış (qara - rəng və baq - bağ) və toponimi bildikləri məna ilə yaşatmışlar.
Ermənilər bu gün Qarabağ toponimini öz xeyirləri üçün Arsak adı ilə izah etməyə çalışırlar: ilk orta əsrlərdə erməni tarixçilərinin əsərlərində bu söz Artsak kimi verilib. Bu söz nə qədim, nə də müasir erməni dilində heç bir məna vermir.
1836-cı ildə Alban Kilsəsinin ləğvindən sonra tarixi arxivlər, o cümlədən “Arsak və ya Arsax” toponimi erməniləşdirildi. Amma nə qədər erməniləşmə aparılsa da, sözlərin izahında erməni dili aciz qalır. Arsak/Artsax sözü bu qəbildəndir və ermənicə heç bir məna kəsb etmir.
Elnur Allahverdiyev-Milli Məclisin deputatı