Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hüquqşünas Əli İbrahimov yazır-Cəzadan azad edilmiş məhkumların cəmiyyətə adaptasiyası, reallıq və problemlər



Newscenter.az.5.11.2020. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanunla həmin şəxslərin qeydiyyata alınması, sosial adaptasiya mərkəzləri yaradılması, daimi yaşayış sahəsi olmayan şəxslərin müvəqqəti yaşayış yeri ilə, şəxsiyyətini təsdiqləyən və digər lazımi sənədlərlə təmin edilməsi, ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilməsi, bir sözlə cəmiyyətə adaptasiyası ilə bağlı zəruri tədbirlərin görülməsi nəzərdə tutulub.

Əslində isə reallıq başqadır. Həbsdən azad olunmuş şəxslərin (xüsusən də qadın və uşaqların) cəmiyyətə adaptasiyasında ciddi problemlər olduğundan, onlar təkrarən cinayət törədərək "içəri" qayıdırlar. Lakin hər birimiz onların törətdikləri cinayətə görə cəzalarını çəkdiklərini və bizimlə eyni hüquq və vəzifələrə malik olduqlarını bilmirik, ya da qəbul etmək istəmorlər. Problemə laqeyd münasibət nəticəsində cəzaçəkmə müəssisələrini tərk edən məhkumlar cinayətkar dəstələrə üzv olaraq cinayətkar fəaliyyətlərini davam etdirirlər və ya özləri üçün sığınacaq yeri olan cəzaçəkmə müəssisələrinə qayıtmaq üçün qəsdən cinayət törədirlər.

"Tədqiqatlarıma görə, bu cür şəxslər tərəfindən təkrar və residiv cinayətlərin törədilməsi 20-30 faiz təşkil edir",
Həbsdən azad olunmuş şəxslərin əsas problemləri yaşayış yeri və işlə təminatla bağlıdır.

Keçmiş məhkum əksər vaxtlarda qeydiyyatda olduğu evə qayıda bilmir. Həmin ev ailə üzvləri tərəfindən başqasına satılır.
"Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanuna və "Yaşayış yeri və olduğu yer haqqında" qanunun 8-ci maddəsinin 3-cü bəndinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 12 iyul 2000-ci il tarixli qərarına görə, əgər keçmiş məhkumun həbs olunana qədər qeydiyyatı olmayıbsa, yaxud o, hər hansı səbəbdən qeydiyyatını itiribsə, sonuncu dəfə hansı ərazi polis bölməsində qeydiyyatda olubsa, ora müraciət etməlidir. Vətəndaş - keçmiş məhkum həmin polis şöbəsinin inzibati binasına qeydiyyata alınmalı və şəxsiyyət vəsiqəsi ilə təmin edilməlidir.

Həbsdən azad edilmiş Azərbaycan vətəndaşları və Azərbaycanda daimi yaşayan və vətəndaşlığı olmayan şəxslər, əvvəlki yaşayış sahəsinə hüquqlarını itirməyiblərsə, müraciət etdikləri vaxtdan üç gün ərzində müvafiq icra hakimiyyəti orqanı onları qeydiyyata almalıdır. Qanunda həmçinin istisna hal kimi göstərilir ki, cəza çəkməkdən azad edilən şəxslər əvvəllər qeydiyyatda olduqları əraziyə qeydiyyata alınmaq istəyirlərsə, ailə üzvlərinin razılığı heç də tələb olunmur.

Şəxs həbs yerlərində olarkən qeydiyyatda olduqları ünvanlardan çıxarılır və olduqları müəssisələrdə qeydiyyata alınırlar. Bunu anormal hal kimi qəbul edirəm, bu hal digər ailə üzvlərinin həmin şəxsin əmlak payı üzərində öz maraqlarına uyğun sərəncam verməsi ilə nəticələnir. Xüsusən ailəli adamlarda boşanma zamanı belə problemlər yaranır və şəxs həbsdən azad olandan sonra evsiz-eşiksiz qalır. Həbsdə olan şəxsin razılığı olmadan ailə üzvlərinin onun əmlak payı üzərində sərəncam vermək hüquqları məhdudlaşdırılmalıdır.

Əcnəbilərə və vətəndaşlığı olmayanlara münasibətdə vəziyyət daha dözülməzdi. "Hər il azadlığa çıxan 8-10 əcnəbi məhkum öz ölkəsinə qayıtmaq üçün müraciət edir. Çox vaxt onların şəxsiyyətini təsdiq edən sənədləri, öz ölkələrinə getmək üçün pulu olmur, ya da vətəndaşı olduğu dövlətin burda səfirliyi olmur. Ona görə də bəzi hallarda təkrar cinayət törədib yenidən "içəri" düşürlər.

Müvafiq qurumlar həbsdən azad olunmuş şəxslərin cəmiyyətə inteqrasiyasını təmin etməlidirlər.
Məhkum qadınların vəziyyəti isə daha dözülməzdi. Onların əksəriyyəti törətdiyi cinayətə görə ailələrində qəbul edilmirlər. Xüsusən də adam öldürmə, narkotik maddələrin satışı, yaxud insan alveri ilə bağlı həbsə düşən qadınlar sonradan yaxınları, ailəsi tərəfindən birmənalı şəkildə rədd edilir.
Məhkumluqdan azad olunmuş qadınlar qarşısında yaranan problemlər onların ikinci, üçüncü və hətta dəfələrlə həbsxanaya qayıtmasına səbəb olur. Onların üzləşdiyi əsas problem isə evlə bağlı olur.

Qadın həbsdə olarkən evi satılır, bu zaman isə qeydiyyatda olan qadının istəyi, razılığı nəzərə alınmır. Ya qohumları məhkum qadını aldadır, hər hansı formada evin satılmasının razılığını alırlar. Yaxud da ev məhkum şəxsin ümumiyyətlə razılığı olmadan, qeyri-qanuni satılır. Hər iki halda onlar tamamilə qeydiyyatsız qalırlar. Keçmiş məhkumlar kiməsə möhtac olmamalı, işləyib özlərini saxlamalıdırlar ki, cəmiyyət onların islah olunduğuna inansın və qəbul etsin.

Həbs yerindən çıxan şəxsə olduğu müəssisə rəhbərliyi tərəfindən arayış verilir. Həmin arayışla o, ərazi polis şöbəsinə müraciət edir və qeydiyyata alınır. Hər kəs - istər keçmiş məhbus olsun, istərsə də adi vətəndaş - yaşadığı ərazinin polis şöbəsinə və regional ASAN xidmət mərkəzlərinə müraciət edərək şəxsiyyət vəsiqəsi problemini həll edə bilər.

Keçmiş məhkumların üzləşdiyi problemlərdən biri də onların işlə təmin olunmamasıdır. Məhkumun iş tapmaması onun əvvəlki peşə üzrə vərdişlərinin yaddan çıxarması, cinayətkar keçmişi və ölkədəki işsizliklə əlaqədardır.

Məhkumların işlə təminatı demək olar ki, həyata keçirilmir. Cinayət törədən bir məhkumu özəl və dövlət sektorunda işə götürmürlər.
"Ancaq unutmaq lazım deyil ki, bütün hallarda azadlığa çıxanlar eyni hüquqlu olur. Bu balansı qorumaq da cəmiyyətin üzərinə düşür. Belə şəxslərin cəmiyyətə adaptasiyası, dövlətdən çox, cəmiyyətin problemidir. Cəzaçəkmə müəssisələrində qısa müddətli peşə təhsili tətbiq olunur.

"Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanunun tələblərinə görə, cəza müddəti bitdikdən sonra məhkumun işlə təmin olunması, qeydiyyata alınması üçün yaşadıqları ərazinin polis idarəsi, icra hakimiyyəti, məşğulluq mərkəzinə cəzaçəkmə müəssisələrin aidiyyatı əməkdaşları rəsmi olaraq müraciət edirlər. Məhkumlar azadlığa buraxılmazdan 3 ay əvvəl həmin idarələrə məlumat verilir. Məhkumlar kütləvi şəkildə həbsdən azad olunduqları üçün onların işlə təminatı və cəmiyyətə adaptasiyasında problemlər yaranır. Belə ki, həmin məhkumların adaptasiyasına hazırlıq prosesi başlamamış olur, bu şəxslər barədə müvafiq qurumlarla iş aparılmır.

Məhkumların reablitasiyası bütün azadlıqdan məhrumetmə müddəti aparılır və xüsusən azadlığa buraxılma ərəfəsində daha da gücləndirilir. Azadlığa buraxılmış şəxslərin reablitasiyası onların cəzaçəkmə müddəti və buraxılma ərəfəsində azadlıqda olan qohumları ilə əlaqəsinin sıxlaşdırılmasından, hüquqi, psixoloji, mənəvi cəhətdən azad həyata hazırlanmasından cox asılıdır.

Məhkumların reablitasiyasına kömək etmək məqsədilə Cəzaların İcrası Məcəlləsinə edilən son dəyişiklikdən sonra telefon danışıqlarının müddəti artırılıb, məhkumlara telefon danışığına icazə verilib.

Həmçinin, cəzaçəkmə müəssisələrində məhkumların asudə vaxtlarının səmərəli təşkili üçün yeni idman qurğuları, kitabxanalar istifadəyə verilib, müxtəlif peşə və ümumtəhsil məktəbləri inkişaf etdirilib. Məhkumların dini etiqad azadlığının həyata keçirilməsi üçün bütün müəssisələrdə lazımi şərait yaradılıb. Cəzaçəkmə müəssisələrində kompyuter otaqları təşkil olunub, bu sahədə kurslar açılıb.

Cəza çəkməkdən azad edilmiş şəxslərlə işi təşkil etmək məqsədilə RX-də məhkumların sosial müdafiəsi bölməsi yaradılıb. Qurumun əsas vəzifəsi sosial adaptasiyaya ehtiyacı olan məhkumları aidiyyatı dövlət qurumları ilə birlikdə azadlığa və sosial adaptasiyaya hazırlamaqdır.
Məhkumların peşə və ixtisaslara yiyənmələri üçün müəssisələrdə kurslar və peşə məktəbləri açılıb. "Hazırda müəssisələrdə peşə məktəbində peşə qrupları üzrə 15 ixtisas fəaliyyət göstərir. Həmin tədris müəssisələrində cəza çəkən məhkumlar peşə təhsili alıb və müxtəlif peşələrə yiyələniblər. Müəssisələrdə məhkumlar faydalı əməyə cəlb olunublar.

Cəza cəkməkdən azad edilmiş şəxslərin siyahısı cəza müddətinin başa çatmasına 3 ay qalmış aidiyyatı dövlət qurumlarına göndərilir. Cəza çəkən və pensiya almayan kişi məhkumların yaşı tamam olanların siyahısı hazırlanır və pensiya almayan məhkumların pensiya təminatı hüququnun bərpa edilməsi üçün Sosial Müdafiə Fonduna müraciət olunur.

Həbsdən azad ediləcək şəxslərin müəyyən edilib qeydiyyata alınması və onlara müvafiq komək göstərilməsi təmin edilir.
Cəzaçəkmə müəssisələrində PX ilə birgə həyata keçirilən layihə əsasında həbsdən azad olunacaq şəxslər üçün kurslar da təşkil edilib. Bu kurslarda müxtəlif peşələrə cəlb olunub. Onlardan, elektrik avadanlıqları üzrə elektrik mantyoru, avtomobil təmiri üzrə çilingər, elektrik qaz qaynaqçısı, kompyuter istifadəçisi, dərzi, bərbər, dülgər-xarrat peşələrinə sahib olublar.

Hüquqşünas Əli İbrahimov
Xəbəri paylaş