Newscenter.az.7.11.2020. Xarici İşlər Nazirliyi Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun binasının odlu silahdan atəşə tutulmasını pisləyən bəyanat yayıb.
XİN-in Mətbuat xidməti idarəsindən daxil olan məlumatda deyilir:
"Bu il 6 noyabrdan 7 noyabra keçən gecə saat 2.30 radələrində Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun binası odlu silahdan atəşə tutulub. Konsulluğun binasının qapısı və pəncərələrinə 6 atəş açılıb. Gecə saatlarında binada heç kəs olmadığı üçün Konsulluğun əməkdaşları arasında zərər çəkən olmayıb. Qeyd etmək istərdik ki, Fəxri Konsulluğun kameraların hücum edən şəxsin 2 nəfər olduğunu qeydə alıb.
Konsulluğun binasına hücumla bağlı Xarkov şəhəri polisi tərəfindən cinayət işi başlanılıb.
Son zamanlar Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı radikal erməni qüvvələri tərəfindən davamlı təhdidlərin edildiyini nəzərə alaraq, Xarkovdakı Fəxri Konsulluğumuza edilən bu hücum məhz bu təhdidlər kontekstində nəzərdən keçirilməlidir.
Radikal erməni qüvvələrinin Azərbaycanın xarici ölkələrdəki diplomatlarına, eləcə də yerli azərbaycanlı icma üzvlərinə qarşı təhdid xarakterli və həyati təhlükə doğuran hücumlarını qətiyyətlə pisləyirik. Xarici ölkələrdəki Azərbaycan vətəndaşlarına və yerli azərbaycanlı icma üzvlərinə qarşı edilən bu kimi cinayət xarakterli əməllərə görə cavabdeh şəxslərin qanun qarşısında cavab verməsi üçün ölkəmizin müvafiq qurumları əcnəbi ölkələrdəki yerli hüquq mühafizə qurumları ilə qarşılıqlı fəaliyyət və əməkdaşlıq həyata keçiriləcəkdir".