Newscenter.az.14.11.2020. Heydər Əliyev Fondu Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin bərpası işlərini başa çatdırıb.
Fonddan verilən məlumata görə, layihə 2019-cu ilin fevral ayında Fond ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilib.
Xatırladaq ki, bu il fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vatikana səfəri çərçivəsində "Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü" barelyefinin də yerləşdiyi Müqəddəs Pyotr Kilsəsinin Bazilikası ilə də tanış olmuşdur. Bu məbəd italyan intibah memarlığının ən məşhur nümunələrindən biridir. Müqəddəs Pyotr Bazilikası həm də məşhur ziyarətgah və mərasim yeridir. Roma Papası il ərzində bazilika və ya onun qarşısındakı Müqəddəs Pyotr meydanında bir neçə dini mərasim keçirir.
Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr müqəddəs Taxt-Tacda çox yüksək qiymətləndirilir. Bu işlər Fondun ümumbəşəri dəyərlərə verdiyi töhfələri bütün dünyaya nümayiş etdirir. Bununla yanaşı, bu layihələr həm də ölkəmizin müxtəlif dinlərin abidələrinə və müqəddəs yerlərinə verdiyi önəmi göstərir. Bütün bunlar isə multikultural dəyərlərə sadiq və bu dəyərləri təşviq edən ölkə kimi Azərbaycanın dünyadakı mövqeyini və yerini, həmçinin dinlərarası dialoqun qurulmasındakı rolunu möhkəmləndirir.