Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Emin Hacıyev: “Müzəffər Ordumuz Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi”



Newscenter.az.15.11.2020. Şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü 30 ildir işğal altında olan torpaqlarımızı azadlığa qovuşdurdu. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü. Ölkəmiz Vətən Müharibəsində tam qələbə çalaraq, Ermənistanı kapitulyasiyaya məcbur etdi. Nəticədə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr tarixli birgə bəyanatı ölkəmizin tarixi qələbəsini özündə əks etdirməklə, müharibəyə son qoydu. Ermənistan Azərbaycanın bütün şərtlərinə boyun əydi, Ağdam, Kəlbəcər və Laçın rayonlarının qısa vaxtda boşaldılması ilə bağlı qrafik müəyyənləşdi. Bununla da, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bu, möhtəşəm zəfərdir! Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və Ordumuz bu möhtəşəm qələbəni xalqımıza yaşatmaqla müstəqil Azərbaycana şərəfli tarix və möhkəm təməlli gələcək bəxş etdi. Cənab Prezidentin bildirdiyi kimi, “Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Bu qələbə Azərbaycan tarixində əbədi qalacaq. Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik”.

Ermənistanın kapitulyasiyası məcburi köçkünlərimizin işğaldan azad olunan torpaqlarımıza qayıdışı, doğma yurd-yuva həsrətinə son qoyulması, Qarabağda Azərbaycanın suverenliyinin təmin olunması deməkdir. Ermənistanın məğlubiyyəti eyni zamanda işğaldan azad edilmiş torpaqlarımızın həyata qaytarılması, Qarabağ bölgəsinin dirçəldilərək yenidən cənnət məkanına çevirilməsi anlamı daşıyır.

30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi isə arxivə getdi.

Bu, həm də Naxçıvanın blokadadan qurtuluşudur. Tərəflərin imzaladığı birgə bəyanatda vacib məqamlardan biri Naxçıvanla qərb rayonlarımız arasında birbaşa nəqliyyat dəhlizinin açılmasıdır. Hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru yolla rabitənin olmaması böyük çətinliklər yaradırdı. Bu çətinliyin aradan qalxması Naxçıvanın iqtisadiyyatının inkişafına təkan verəcək. Buradan avtomobil və dəmir yollarının çəkilməsinə, kənd təsərrüfatı və sənaye məhsullarının daha tez xarici bazarlara çıxarılmasına şərait yaradacaq. Dəhlizin olması geosiyasi cəhətdən də böyük əhəmiyyət daşıyaraq regional əməkdaşlığı genişləndirəcək. Azərbaycandan Türkiyəyə, İrana və əks istiqamətdə yüklərin daşınması asanlaşmaqla daha ucuz başa gələcək. Ümumilikdə, torpaqlarımızın işğaldan azad oluması həmin ərazilərimizin iqtisadi potensialından istifadə edilməklə Azərbaycan iqtisadiyyatının gücünə güc qatacaq.

Regionda təhlükəsizliyin təmin olunmasına gəlincə, bunu Rusiya və Türkiyə sülhməramlı qüvvələri birgə həyata keçirəcək. Beləliklə, qardaş Türkiyə və Rusiyanın prosesdə iştirakı bölgədə təhlükəsizliyin təminatına xidmət edəcək. Bu isə regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallığın yaranması deməkdir.


Emin Hacıyev-Milli Məclisin deputatı
Xəbəri paylaş