Newscenter.az.18.11.2020. Bu gün sosial şəbəkələrdə Astara rayonunun Şiyəkəran kəndindən olan əsgər Vüqar Xudaverdi oğlu Əmrayevin videomüraciəti yayımlanıb.
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.
Məlumata görə, müraciətdə bildirilir ki, o, ailəlidir, iki övladı var. Könüllü olaraq torpaqlarımızın azadlığı uğrunda əks-hücum əməliyyatlarına qoşulub. Sosial şəbəkələrdə yayılan görüntülərdə iddia edilir ki, onun yaşadığı fərdi yaşayış evindən qaz sayğacı sökülərək aparılıb və ailəsi soyuq havada qazsız qalıb.
“Azəriqaz”ın rəhbərliyinin göstərişi ilə məsələ dərhal nəzarətə götürülüb. Məlum olub ki, bu ailə, ümumiyyətlə, qazdan istifadə etmir, abunəçimiz deyil və sözsüz ki, sayğacı da yoxdur. Məlumatda yanlışlığa yol verilib. Lakin buna baxmayaraq, İstehsalat Birliyinin rəhbərliyi bu əsgər ailəsinin qazla təchizatını üzərinə götürməklə bu gün çox qısa vaxt ərzində Lənkəran Regional qaz istismarı İdarəsinə qazlaşma işlərinin aparılmasını tapşırıb. Artıq haqqında danışılan ailə qazdan istifadə edir.
"Hər kəsdən xahiş edirik ki, bu və ya digər hallarda qaz təsərrüfatına dair məlumatlar paylaşılmazdan öncə “Azəriqaz”ın mövqeyini öyrənəsiniz. Məlumata əsgər Vüqar Əmrayevin atası Xudaverdi Əmrayevlə söhbətin videomaterialını əlavə edirik", - deyə qurum bəyan edib.