Newscenter.az.3.12.2020. "Artıq neçə günlərdir ki, COVİD-19 bəlası Azərbaycanı öz cənginə alıb. Yoluxma sayı son rəqəmlərə nisbətdə pik həddədir. Vəziyyət həddindən artıq gərginləşib. Səhiyyə sistemimizdə çətinliklər baş verməkdədir. Bütün bunlara hələ də məhəl qoymayan insanlar var. Artıq ayılmaq zamanıdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov səsləndirib. O, bildirib ki, əks təqdirdə bu gedişlə karantin şərtlərinin sərtləşdirilməsi zərurəti yaranır:
"Gərək ki, sərt qaydalar tətbiq edilsin. Çünki, sürətli yayılma bizi fəlakətə doğru apara bilər. Mövsümi xəstəliklərin yayılması dövründə COVİD-19 ilə birlikdə tüğyan edən xəstəliklərdən qorunmağın ən əsas yolu immunitet sistemini yüksəltmək və məcbur olmadıqca evdən bayıra çıxmamaqdır. Əziz vətəndaşlar nə qədər ki, biz bu qaydalara riayət etməyəcəyik bu xəstəlikdən canımızı qurtarmaq mümkün olmayacaqdır. Belə düşünürəm ki, qoyulmuş qadağalardan maska taxılmamasının cəriməsi ən yüksəyə qaldırılmalıdır. Çünki əhali vəziyyətin vəhiməliyini anlamır və ya anlamazlıqdan gələrək tibbi maskadan istifadəyə lüzum görmür, ondan düzgün şəkildə istifadə etmir".
Deputat deyib ki, bütün bunların qarşısının alınması üçün qaydaların sərtləşdirilməsi zəruridir:
"Sms icazə ilə çölə çıxmaq qadağası olan dövrdə yoluxma sayının azaldığının şahidi olduq. Yenidən bu vəziyyətə düşməmək, yəni sms icazə qadağasına məruz qalmamaq bizim öz əlimizdədir. Gəlin həmrəyliyimizi qoruyaq. Zərurət olmadıqca evdən bayıra çıxmayın. Çıxdıqda isə sosial məsafə saxlamaqla tibbi maska və spirt, dezinfeksiya edici məhluldan istifadə edin. Əziz xalqım Allah hər birimizə bu çətin günlərdə yardımcı olsun!".
Anar