Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşğaldan azad olunmuş ərazilərin qaz xətlərinin bərpası üçün texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb



Newscenter,az,3,12,2020, Məlum olduğu kimi işğaldan əvvəlki dövrdə Dağlıq Qarabağ və ətraf rayonların ərazisində yerləşən şəhər, qəsəbə və kəndlərin böyük bir hissəsi Azərbaycan Respublikası tərəfindən təbii qazla təmin olunurdu. Bu məqsədlə magistral və paylayıcı qaz şəbəkəsi də çəkilmişdir. Lakin erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində qeyd olunan ərazilərin həmin vaxt qaz təminatı dayandırılmışdır.

Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olan xəbərə görə, 2020-ci ilin sentyabr ayının 27-dən Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident möhtərəm İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsi zamanı əldə edilən Qələbədən sonra işğaldan azad olunmuş ərazilərin bərpası və müvafiq infrastrukturun yaradılması işləri çərçivəsində, yaşayış ərazilərinin təbii qaz təchizatı üçün SOCAR-ın rəhbərliyinin tapşırığı ilə ilkin texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb. Əvvəlcə yeni çəkiləcək magistral qaz xətlərinin istiqamətləri və onların keçəcəyi marşrutlarının araşdırılması işləri aparılıb.

Bu istiqamətlərə Böyük Bəhmənli-Füzuli-Hadrut-Şuşa, Azadqaraqoyunlu-Ağdam, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın, Goranboy-Kəlbəcər aid edilib. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə vaxtı ilə çəkilmiş qaz xətlərinin bərpasının mümkünlüyü də araşdırılmaqdadır. Qeyd olunmuş istiqamətlər üzrə çəkilməsi planlaşdırılan magistral qaz xətlərinin imkanları mövcud və yeni salınacaq yaşayış məskənlərinin və sənaye obyektlərinin uzunmüddətli inkişafı nəzərə alınmaqla təbii qazla təmin edilməsinə hesablanacaqdır. Hazırda planlaşdırılan magistral qaz şəbəkəsinin marşrutlarının münasib konfiqurasiyası, ilkin texniki-iqtisadi göstəriciləri müəyyən edilir. Ərazilərin baş planları hazır olduqdan və istiqamətlər təsdiq olunduqdan sonra qazlaşmanın işçi layihələrinin hazırlanması mərhələsinə başlanılacaqdır. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş ərazilərin qazlaşdırılmasının başlanılması gününü “Azəriqaz” İstehsalat Birliyinin kollektivi səbirsizliklə gözləyir və bunu ən müqəddəs vəzifə borcu sayır.

Sevinc
Xəbəri paylaş