Newscenter.az.3.12.2020. “Rusiya sülhməramlıları Dağlıq Qarabağdakı vəziyyəti fasiləsiz müşahidə edir və atəşkəs rejiminə nəzarət edirlər”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.
“İtkin düşmüş hərbçilərin, həlak olanların axtarılması həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində çox həssas məsələdir, Rusiya sülhməramlı missiyasının rəhbərliyi tərəfindən də nəzarətə götürülüb. Sülhməramlılarımız bu axtarışları müasir texniki vasitələrlə aparır. Azərbaycan və Ermənistanın aidiyyəti qurumları ilə də yaxın təmasdayıq. Bölgədə Beynəlxalq Qırmızı Xaç Komitəsi də fəaliyyət göstərir. BMT xətti ilə də dəyərləndirmə missiyasının göndərilməsinə hazırlıq görülür”, - deyən XİN sözçüsü münaqişə bölgəsində dini məbədlərin dağıdılması məsələsinə də toxunub:
“Bölgədə xristian və müsəlman məbədlərinin vəziyyətinə dair bütün suallara UNESCO-nun ekspertləri cavab verə biləcəklər. Bununla bağlı biz UNESCO-nun baş direktoru Odre Azule tərəfindən bölgəyə müvafiq missiya göndərməklə bağlı Rusiya xarici işlər naziri Sergey Lavrovla 20 noyabr tarixli telefon söhbəti əsnasında ifadə edilmiş niyyəti dəstəkləyirik. Ümidvarıq ki, bu missiya abidələrin mühafizəsi və bərpası sahəsində UNESCO-nun tərəfdaşı olan nüfuzlu beynəlxalq QHT-lərin də iştirakı ilə yaxın vaxtlarda bölgəyə gəlib vəziyyəti qərəzsiz dəyərləndirə biləcək”.