Newscenter.az.4.12.2020. Bu ay “Biz birlikdə güclüyük!” şüarı altında Azərbaycan Gənclərinin IX Forumunun keçirilməsi nəzərdə tutulub.
Gənclər və İdman Nazirliyinin (AGİN) Mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə, gənclərin geniş iştirakını təmin etmək məqsədi ilə Forum ənənəvi olaraq 2 mərhələdə keçiriləcək. 2 - 18 dekabrda zona toplantıları, dekabr 24-də isə Respublika final toplantısı olacaq.
Dekabrın 2-də Şəki-Zaqatala zonası üzrə Balakən rayonunda keçirilmiş zona toplantısında gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və millət vəkili Vüqar İsgəndərov iştirak ediblər.
250-dən çox gəncin iştirakı ilə baş tutmuş zona toplantısında Azərbaycanın yeni tarixinin yaradıcısı, gənclərin vətənpərvərlik tərbiyəsində yeni mərhələ, “Böyük Qayıdış”da gənclərin vəzifələri və gənclərin sağlamlığı – xalqın sağlamlığıdır" mövzularında çıxışlar dinlənilib. Rəsmi qonaqların çıxışlarından sonra toplantı iştirakçılarının sualları cavablandırılıb, ətraflı fikir mübadiləsi aparılıb.
Zona toplantısı Şəki-Zaqatala zonası üzrə Forumun yekun mərhələsində iştirak edəcək nümayəndələrin şeçilməsi və qətnamənin qəbulu ilə başa çatıb.
Qeyd edək ki, forum Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017 - 2021-ci illərdə” Dövlət Proqramının 5.7.1.-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə keçirilir.