Newscenter.az.5.12.2020. Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Bu barədə "Report"a Bərdə rayon prokurorluğundan məlumat verilib.
Belə ki, Bərdə rayon sakini 1996-cı il təvəllüdlü Alışanov Amil Ədalət oğlu “Covid-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 03.12.2020-ci il tarixdə yaşadığı evi qanunsuz tərk etməklə epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Bərdə rayon Polis Şöbəsinə göndərilmişdir.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.