Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fatma Yıldırım: "Bütün dünyaya erməni barbarlığını, vəhşiliyini nümayiş etdirməliyik"



Newscenter.az.7.12.2020. “İkinci Qarabağ müharibəsi yaddaşlarda əsgərlərimizin şücaəti, qəhrəmanlığı ilə əldə etdiyimiz şanlı qələbə ilə yanaşı, həm də 21-ci əsrdə xalqımıza qarşı törədilən terror aktları ilə qaldı”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Fatma Yıldırım deyib ki, Ermənistan yenə də öz faşist və terrorçu mahiyyətini bütün dünyanın gözü qarşısında nümayiş etdirərək 44 gün ərzində mülki əhaliyə qarşı terror aktları törətdi, günahsız insanlara dünyada qadağan olunmuş silahlarla hücum etdi. Bunun nəticəsində 100 nəfərə yaxın vətəndaşımız şəhid oldu, yüzlərləsi yaralandı:

“Ermənilərin törətdiyi bu cinayətlərin əsas məqsədi, əlbəttə ki, daxili bir xaos, insanlarda qorxu, təşviş yaratmaqla münaqişəni genişləndirmək, uzatmaq idi. Amma bu terror aktları nəinki bizi qorxutmadı, əksinə xalqımızda mübarizə əzmini, intiqam hissini daha da artırdı. Eləcə də, ermənilərin hər belə alçaq hücumundan sonra ordumuz daha çox ərazilərimizi işğaldan azad etdi, daha çoxlu sayda erməni hərbçisini məhv etdi. Azərbaycan əsgəri heç bir ana-bacının göz yaşını yerdə qoymadı. Beləliklə, əslində bu terror aktları ilə düşmən özünün sonunu yaxınlaşdırdı”.

Deputat deyib ki, biz millət olaraq ermənilərdən fərqliyik:

“Çünki bizim qəlbimizdə, ürəyimizdə iman var və Azərbaycan əsgərinin heç vaxt qadına, uşağa, yaşlıya əli qalxmadı. Cənab Prezidentin hər dəfə səsləndirdiyi bizim mülki şəxslərlə işimiz yoxdur sözünə ordumuz qətiyyətlə riayət etdi. Xalqımız isə səbirlə qələbəni gözlədi. Vətən müharibəsində 2783 qəhrəmanımız şəhidlik zirvəsinə yüksəlib. Onların itirdikləri hərbçi sayı isə göz qabağındadır və bizdən qat-qat çoxdur. Bu bir daha göstərdi ki, biz bütün terror aktlarının, dünyasını dəyişən günahsız uşaqların, qocaların intiqamını döyüş meydanında layiqincə və artıqlaması ilə almışıq, qanımızı yerdə qoymamışıq”.

Deputat onu da diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsi dövründə həlak olmuş mülki şəxslərə də şəhid statusu verilib:

“Təmsil etdiyim Bərdə rayonunda 29 mülki şəxs bu müharibədə erməni terrorunun qurbanı olub. Bu gün o qanlı hadisədən 40 gün keçir. Bərdədə terror qurbanı olmuş dinc insanların xatirəsinin yad edilməsi üçün yaddaş lövhəsi yaradılıb. Rayonun millət vəkili olaraq hesab edirəm ki, terror qurbanları daim xalqımızın xatirəsində olmalıdır. Biz bütün dünyaya növbəti erməni barbarlığını, vəhşiliyini nümayiş etdirməliyik. Təklif edirəm ki, Bərdə şəhərində mülki şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsi olaraq yalnız şəkillərdən ibarət lövhə yox, gələcəkdə hər bir terror qurbanının adının həkk olunduğu böyük memorial kompleks abidəsi ucaldılsın. Allah bütün şəhidlərimizə rəhmət etsin”.

Anar
Xəbəri paylaş