Newscenter.az.7.12.2020. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqəyə start veriləcək.
Newscenter.az-a Təhsil İdarəsindən bildirilib ki, mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, müsabiqə BŞTİ-nin tabeliyində olan ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında onlayn qaydada keçiriləcək.
Müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işnin davamlı təşkilinə nail olmaq, Vətən Müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini cəlb etmək, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Həmçinin Azərbaycanın, xüsusilə də işğaldan azad olunmuş ərazilərin tarixi, mədəniyyəti, coğrafiyası, tanınmış şəxsiyyətləri, tarixi abidələri barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması da əsas hədəflərdəndir.
3 mərhələdən ibarət müsabiqənin I mərhələsi (məktəbdaxili mərhələ) 10-15 dekabr 2020-ci il tarixlərində keçiriləcək. Məktəbdaxili mərhələdə ən yüksək nəticə əldə etmiş hər məktəbdən bir nəfər seçilərək müsabiqənin II mərhələsinə təqdim olunacaq. II mərhələ Bakı şəhərinin inzibati rayonları üzrə 16-22 dekabr 2020-ci il tarixlərində təşkil olunacaq. Hər inzibati rayon üzrə ilk 3 yerin sahibi olan şagirdlər müsabiqənin 23-30 dekabr 2020-ci il tarixlərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanacaq.
Qeyd edək ki, müsabiqənin əsas mövzuları I Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz döyüşləri, II Qarabağ müharibəsi, işğaldan azad olunmuş bölgələrin tarixi, mədəniyyəti, coğrafiyası, tarixi abidələri, şəxsiyyətləri və Azərbaycanla bağlı ümumi dünyagörüşdür.
Müsabiqənin final mərhələsində Təşkilat Komitəsi tərəfindən ümumilikdə qalib kimi 9 şagird (2 nəfər I yer, 2 nəfər II yer, 2 nəfər III yer, 3 nəfər həvənləndirici yer) müəyyənləşdiriləcək.
Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.
R.Mehdiyeva