Newscenter.az.8.12.2020. Respublika ərazisində fitosanitar sabitliyin qorunması, xüsusilə “COVID-19” pandemiyasının yayılması ilə bağlı tətbiq edilən xüsusi karantin rejiminin davam etdiyi hazırkı şəraitdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bitki və bitkiçilik məhsullarının istehsalı sahələrində monitorinqlər mütəmadi olaraq davam etdirilir.
Newscenter.az xəbər verir ki, eyni zamanda Agentlik əməkdaşları tərəfindən respublika ərazisində fitosanitar sabitliyin qorunması məqsədilə karantin və xüsusi təhlükəli zərərli orqanizmlərin ölkə ərazisində yayılmasının qarşısının alınması üçün lazımi tədbirlər həyata keçirilir.
Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının (IPPC) “Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartları”na uyğun olaraq bitkilərin sağlamlığının izlənilməsi və nəzarət üzrə effektiv sistemin yaradılması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bitki sağlamlığı ilə bağlı risklərin idarə edilməsi işinin təkmilləşdirilməsi sahəsində reydlər keçirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 1-3 oktyabr tarixində ölkə üzrə 474 bitki və bitkiçilik sahəsində fəaliyyət göstərən təsərrüfat subyektində 566 monitorinq keçirilib. Monitorinqlər zamanı bitki və bitkiçilik məhsullarının istehsal və saxlanma sahəsində fəaliyyət göstərən sahibkarlar mövcud zərərli orqanizmlər, onlara qarşı mübarizə üsulları, pestisidlərlə işləyən zaman təhlükəsizlik qaydaları və pestisidlərin tətbiqi reqlamentinə düzgün əməl edilməsi barədə yerində məlumatlandırılmış, həmçinin uyğunsuzluq aşkarlanan istehsal sahələrində sağlamlaşdırıcı tədbirlərin aparılması üçün tövsiyələr verilmişdir.
Reyd keçirilən təsərrüfat subyektlərindən 277 nümunə götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilmiş, prioritet məhsullardan olan pomidor becərilən 117 istehsal sahəsində, xurma becərilən 164 istehsal sahəsində 9 halda (xurma, alma və pomidorun istehsal sahələrində) karantin tətbiq edilən zərərvericilər aşkarlanmışdır.
AQTA bu sahədə fəaliyyət göstərən sahibkarları bitki sağlamlığının təmin olunması məqsədilə bitki və bitkiçilik məhsullarının istehsal sahələrində nəzərdə tutulmuş qaydalara düzgün əməl etməyə və uyğunsuzluq aşkarlanan istehsal sahələrində sağlamlaşdırıcı tədbirlərin aparılmasına ciddi şəkildə riayət etməyə çağırır.
Orxan