Newscenter.az.8.12.2020. Vətən müharibəsinin iştirakçısı və hazırda da hərbi xidmətdə olan Səfərov Emin Nizami oglunun Sumqayıt şəhərində yaşayan ailəsi də diqqətimizdədir və çalışacağıq ki, ailəyə mümkün dəstəyi göstərək.
Newscenter.az xəbər verir ki, bu barədə açıqlamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov verib. O, bildirib ki, nazirliyinin əməkdaşları həmin ailə ilə görüşüb, vəziyyətləri ilə tanış olublar.
Sosial şəbəkədə əsgərimizin qızı Aygülün ürək əməliyyatı keçirməsini əks etdirən şəkli də yayılmışdı və bununla əlaqədar əməkdaşlarımız ilk növbədə onunla maraqlanıblar. Müəyyən olunub ki, həmin uşağın - Aygülün hazırda 12 yaşı var və səhhəti ilə bağlı elə bir narahatlığı yoxdur. O, əslində 8 il bundan əvvəl, 2012-ci ildə ürək əməliyyatı keçirib, şəkil də həmin vaxta aiddir. Həm də sağlamlıq imkanları məhdud uşaq kimi onunla bağlı ailəyə aylıq müavinət və ona qulluğa görə aylıq ödəniş (200 manat) edilir.
Emin özü hazırda hərbi xidmətdə olsa da, Məşğulluq Mərkəzi tərəfindən hələ bir neçə ay əvvəl operator işi ilə təmin edildiyi şirkətdə iş yeri saxlanılıb, hər ay da maaşı (450 manat) ödənilir.
Həyat yoldaşına da ikinci dərəcə əlilliyi olan şəxs kimi aylıq müavinət (130 manat) verilir. Ailənin ən kiçik usagı isə 2 yaşlı Adəmdir. Yaxın günlərdə ailəyə birdəfəlik qaydada maddi yardım verilməsi də təmin olunacaq və ailənin yaşayışı diqqətdə saxlanacaq.
Mehman