Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ATU ilə Ankara Universiteti arasındakı əməkdaşlıq geniş tərkibli görüşdə müzakirə olunub



Newscenter.az.9.12.2020. Azərbaycan və Türkiyə arasında hər bir sahədə geniş əməkdaşlıq təhsil və səhiyyə sahələrini də əhatə edir. İki qardaş ölkənin universitetləri arasında sıx tərəfdaşlıq və faydalı iş birliyi mövcuddur. Bu barədə iki ölkənin universitet rəhbərləri və diplomatları arasında keçirilən son onlayn görüşdə də fikirlər bildirilib.

Newscenter.az-a daxil olan xəbərə görə, görüşdə Türkiyənin Azərbaycandakı keçmiş Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycan Tibb Universitetinin rəhbər şəxsləri, Ankara Universitetinin rəhbərliyi, Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova və bir sıra digər Azərbaycan Universitetlərinin rəhbərləri iştirak ediblər.

Onlayn müzakirələr zamanı Türkiyənin Ankara Universitetinin rektoru, professor Dr. Necdet Ünüvar yola saldığımız 2020-ci ildə bəzi Azərbaycan Universitetləri ilə sıx əlaqələrin qurulduğunu və onların inkişaf etdirildiyini bildirib. Rektor Necdet Ünüvar bu əməkdaşlıqlar arasında ATU-nun xüsusi yerə malik olduğunu bildirib: "Biz “Bir millət, iki dövlət” kəlmələrini hər anlamda, hərtərəfli yerinə yetiririk. Azərbaycan və Türkiyə daim bir-birinin arxasındadır. Biz də Ankara Universiteti olaraq, istərdik ki, işbirliyimiz təhsil sistemində də özünü göstərsin. Ötən ay Azərbaycan Tibb Universiteti, Texniki və İqtisad Universitetləri ilə əməkdaşlığı gücləndirmişik”.

Rektor N.Ünüvar qeyd edib ki, artıq Azərbaycan universitetlərinin tələbələri üçün Ankara Universitetinin dərslərini onlayn şəkildə izləmək imkanı yaradılıb. Hər iki tərəf prosesin gedişindən və əldə olunan nəticələrdən çox razıdır. Konkret olaraq

"Tibb fakültəmiz Azərbaycandan gələn 25 tələbə 1 fənn üzrə dərs alıblar hansı ki, 1 illik dərs formatında olub. stomatologiya fakültəsindən 40 tələbəmiz qeydiyyatdan keçərək, online dərslərə qoşulub və 1-ci kursun 4 dərsində iştirak edirlər. Tibb bacısı ixtisasında 24 Azərbaycanlı tələbə var, 7 dərslərdə iştirak edirlər. əczaçılıq fakültəsindən isə 50 tələbə hal hazırda 1 kursun dərslərini izləyirlər. toplamda 139 ATU-dan tələbəmiz bizim dərsləri online olaraq izləyirlər. heç bir problemimiz yoxdur".

ATU-nun rektoru, professor Gəray Gəraybəyli də Ankara Universiteti ilə əməkdaşlığı yüksək səviyyədə qiymətləndirib. Qeyd edib ki, bu əməkdaşlığın müddəti 1 aydan bir qədər artıq müddəti əhatə etsə də, böyük nəticələr ələ olunub: “Tələbələrimiz böyük həvəslə Ankara Universitetinin onlayn dərslərində iştirak edirlər, dərslərin təşkilindən və gedişindən çox razılıq edirlər. Hələlik bu il yalnız I kursları ortaq onlayn dərslərə cəlb etmişdik. Lakin əldə olunan müsbət təcrübə onu göstərir ki, bu yeniliyi digər kurslarda da tətbiq edə bilərik”.

Rektor G.Gəraybəyli əməkdaşlığın başlandığı qısa müddət ərzində görülən işlər və gələcək planlar haqqında görüş iştirakçılarına məlumat verib. Bildirib ki, rektorlar arasında ilk görüşdən sonra əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi məqsədilə işçi qrup yaradılıb. Ankara Universitetinin 4 ixtisas - tibb, stomatologiya, tibb bacılığı və sağlıq bilimləri ixtisasları üzrə onlayn dərslərinə qoşulmasına dair razılıq əldə olunub. Qarşıda isə yeni hədəflər var: “Azərbaycan Prezidentinin imzaladığı Dövlət Proqramında ölkəmizdə tibb təhsilinin beynəlxalq səviyyəyə qaldırılması ilə əlaqədar tapşırıqlar var. Bu baxımdan, Ankara Universiteti ilə ikili diplom proqramlarının başlanmasına dair fikirlərimiz də var”.

G.Gəraybəyli hər kəsi Azərbaycan ordusunun əldə etdiyi zəfər münasibətilə təbrik edərək bu çətin dövrdə qardaş Türkiyənin güclü dəstəyinə görə bir daha görüş iştirakçılarına təşəkkürünü çatdırdı.

Türkiyənin ölkəmizdəki keçmiş səfiri Erkan Özoral Ankara Universitetinin Türkiyənin aparıcı ali məktəblərindən biri olduğunu qeyd edib. Türkiyə və Azərbaycan Universitetləri arasında işbirliyinin olduqca əhəmiyyətli olduğunu bildirən cənab Erkan Özoral gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi, yeni sahələri əhatə etməsinin vacib olduğunu qeyd edib.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim hər bir sahədə olduğu kimi, təhsil və səhiyyə sahəsində də iki ölkənin bütün qurumları arasında yüksək səviyyəli əməkdaşlığın mövcudluğunu vurğulayıb. O, diplomat kimi Türkiyədə xidmət göstərdiyi illər ərzində təhsil sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün işlər görüldüyünü, ilbəil belə tədbirlərin sayının daha da çoxalacağını qeyd edib.

Qeyd edək ki, görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, tədris şöbəsinin müdiri Samir Cavadov, I müalicə-profilatika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli, Stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov, İctimai Səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev, əczaçılıq fakültəsinin dekanı, dosent Kamandar Yaqubov iştirak ediblər.

R.Mehdiyeva
Xəbəri paylaş