Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənab Ərdoğanın bu səfəri düşmənlərimizə bir göz dağıdır



Newscenter.az.9.12.2020. "Türkiyə-Azərbaycan münasibətləri bütün dünya dövlətlərinin həsəd aparacağı dərəcədədir. İki inkişaf edən dövlətlərin həm siyasi, həm iqtisadi fikirləri bir biri ilə vəhdət daşıyır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov səsləndirib. O, deyib ki, bu həmfikirlilik iki ölkə başçısı arasında qarşılıqlı hörmət və qardaşlıq əsasında yaranıb:

"Cənab Rəcəb Tayyib Ərdoğan və cənab Prezidentimiz İlham Əliyev daim bir-birilərinə mənəvi dəstək olublar. Elə bunun nəticəsidir ki, Türkiyə hər zaman, yaxşı və pis günümüzdə daim bizim yanımızdadır. Bu gün zəfərimizi yalnız qeyd etmirik. Fəxr və iftixar hissi duyuruq ki, bu gündə də Türkiyə bizi yalnız qoymur. Cənab Ərdoğan Azərbaycana səfəri ilə bir daha bunu sübut etdi. Bizim qələbəmizi özlərinin də qələbəsi sayan qardaş ölkə yanımızda olmaqla bizi qürurlandırır".

Deputat deyib ki, cənab Ərdoğanın bu səfəri düşmənlərimizə bir göz dağıdır:

"Hər kəsə bəllidir ki, Türkiyə-Azərbaycan hər bir sahədə tərəfdaşdırlar. İnşallah biz əminik ki, bu tərəfdaşlıq Qarabağ üçün də şamil olunacaq. Bizim zəngin torpaqlarımızın inkişaf yolunda irəliləyişi üçün bu zəruri addımdır. Türk şirkətləri, investorlar Qarabağda fəaliyyətə cəlb olunmalıdır. Bu bizim üçün, həm də onlar üçün əlverişli bir addımdır. İnanırıq ki, qədim tarixdən bu günə qədər davam edən qardaşlıq münasibətləri bundan sonra da uzun illər, hətta əsrlər boyu davam edəcək. Allah hər iki dövlətin gələcəyini uğurlu və qüdrətli etsin. Hər iki dövlətin başçısına sağlam və uzun ömür arzu edirəm. Yaşasın Azərbaycan və Türkiyə!"

Anar
Xəbəri paylaş