Newscenter.az.9.12.2020. Bildiyimiz kimi, iki gün öncə növbəti bir rayonumuzun icra hakimiyyətinin başçısı da, xüsusi əməliyyat nəticəsində saxlanılaraq həbs edildi. Bundan əvvəl də, bir neçə rayon rəhbəri eyni aqibəti yaşasa da, bu hadisəni digərlərindən fərqləndirmək lazımdır.
İlk öncə, regionumuzda baş verən müharibəni və ondan sonrakı hadisələri bütün dünyanın seyr etdiyi bir məqamda, belə bir olayın baş verməsi gözlənilməz idi. Ancaq görün, sadə dildə desək bu şəxs "nə qədər ağını çıxardıb" ki, Azərbaycan tarixində ilk dəfə baş verəcək Qələbə paradı ilə bağlı hazırlıqların getdiyi bir məqamda təxirə salınmadan bu əməliyyat həyata keçirildi.
Daha sonra, bu şəxs heç də digərləri kimi 15-20 ilin icra başçısı deyildi. Cəmi iki il idi ki, həmin rayona rəhbər təyin edilsə də, həbs olunacaq qədər qanunsuzluqlar etməyə macal tapıb.
Bu məqamda belə bir sual yaranır ki, ümumiyyətlə hətta müharibə etdyimiz günlərdə belə, fürsətdən istifadə edib cinayətkar əməllərini davam etdirən məmurlar bu qələbəmizə sevinə bilərmi, onlar bu qələbə paradını qeyd edəcəklərmi və ya bu qələbənin və onun paradının onlara aidiyyatı varmı? Zənnimcə xeyr!
Ancaq, maraqlı bir məsələ də var ki, gərgin siyasi müzakirələrin fasiləsiz olaraq getdiyi cəmiyyətimizdə parada qədər artıq neçə icra başçısının həbs olunacağını konkret rayonlarla proqnoz verənlər də var. Təbii ki, heç bir dövlətdə cəmiyyətin istəkləri ilə dövlətin atdığı addımlar tam şəkildə üst-üstə düşməsə də, hazırda bizim cəmiyyətdə atılan bu cür addımlar ümumilikdə insanlarımız tərəfindən rəğbətlə qarşılanır. Bu da ilk növbədə həmin şəxslərin qanunsuz əməlləri, cəmiyyətə və sadə insanlara qarşı hər addımda hörmətsizlikləri ilə bağlıdır.
Cəmiyyətimiz üçün həmin həbs olunanlardan heç də az təhlükəli olmayan bir qism insan da var ki, kimisə vəzifədən çıxarıb həbs etməyəndə ya deyirlər "pulunu verdi" ya da deyirlər ki, "buna gücləri çatmadı, eləcə gücü işdən çıxarmağa çatdı" və s. Çıxaranda və həbs edndə də, bəziləri haray həşir salır ki, "təkcə bunu çıxarmaq lazım deyil, bunu ora qoyduranı çıxarıb tutmaq lazımdır" və ya "klanların mübarizəsi gedir".
Hətta iş o yerə gəlir ki, insanlarımızın bir çoxu qara maskalılara belə təşəkkür edir, ancaq dövlətə və onun rəhbərliyinə etmir, sanki o qara maskalı özü qərar qəbul edir və yerinə yetirir.
Heç bir hakimiyyət özünün məmurlarını bu şəkildə cəzalandırmaqdan məmnun olmur. Əgər Azərbaycan hakimiyyəti bəzi təxribatçıların dediyi kimi, həqiqətən də bu həbsləri görüntü üçün edirsə, o zaman bunu indiki həssas məqamda deyil, ən az paraddan sonra edərdi. Onsuz da, hazırda insanların bütün diqqət və maraqları hətta ciddi təhlükə yaradan pandemiyaya rəğmən belə, əldə etdiyimiz möhtəşəm Qələbəmizdədir.
Ona görə də, baş verən proseslər və dövlət rəhbərliyinin bu proseslərə müasibəti bir daha onu göstərir ki, Azərbaycan hakimiyyəti və şəxsən Prezident İlham Əliyev Qarabağ boyda problemlə bağlı olduğu kimi, bu məsələlərdə də, artıq ciddi mövqeyini ortaya qoyub! Artıq həllini tapmış əsas problemimiz olan Qarabağdan sonra, cəmiyyətimizi və dövlətimizi narahat edən rüşvətxorluqla bağlı mübarizə daha da amansızlaşacaq.
Dövlət başçılarından biri demişdi: "Mən, hər dəfə rəhbər vəzifəyə kimi isə təyin edərkən həmin vəzifəyə göz dikən 100 nəfərdən 99-nun düşmənçiliyini, təyin etdiyim bir nəfərin isə nankorluğunu qazanıram". Təbii ki, bu gün hansısa məmuru vəzifədən çıxarıb həbs etdirmək o qədər də xoş və müsbət bir hal deyil. Ancaq qanunsuzluğun və cinayətin cəzasız qalması daha böyük faciələrə səbəb olur. Bir məmuru, etdiyi qanunsuzluqlara görə, işdən çıxarıb həbs etmək onun və ətrafındakı insanların düşmənçiliyini qazanmağa səbəb olsa da, xalqımızın və sadə insanlarımızın sevgisi və rəğbəti ilə qarşılanır. Çünki, pozulan hüquqlar, tapdanan haqlar və xalqa hörmətsizlik kimi xoşagəlməz hallar aradan qaldırılır.
Böyük vətən müharibəsində dövlətimizin və onun rəhbərinin ətrafında dəmir bir yumruq kimi sıx birləşən xalqımız, artıq o yumruğun zərbələrinin möhtəşəmliyinin canlı şahidi oldu. Bu birliyi mənfur düşmənlərimiz və onlara dəstək verən xarici qyvvələr zədələyə bilmədisə, əli korrupsiyaya, rüşvətxorluğa və harama bulaşmış cılız məmurların da, onun qarşısında aciz qalacağına əminəm!
Ona görə də, dövlət başçısının da dediyi kimi, hər bir vətəndaşımız qarşılaşdığı məmur özbaşınalıqları və qanunsuzluqları ilə bağlı dövlətə siqnallar verməkdə, məlumatlar çatdırmaqda davam etməlidir. Bu məsələdə yorulmaq və ruhdan düşmək olmaz!
Qanunsuzluğu və insanların haqqını yeməyi özünə peşə seçən məmur bu əməllərindən yorulmursa, o qanunsuzluqların hədəfində olan və haqları yeyilən insanlarımız da, onlara qarşı mübarizə aparmaqdan heç vaxt yorulmamalıdırlar! Gəlin ən böyük düşmənimizin başını əzən və belini qıran dəmir yumruğumuzu açmadan, onun zərbə istiqamətini daxildəki təhlükəli düşmənlərimizə yönəldək və onları məhv edək!
Uca Tanrı Azərbaycanı, xalqımızı qorusun və dəmir yumruğumuzu daha da möhkəm və hədəflərindən yayınmaz etsin!
Xəyal Bəşirov-politoloq